Moskvada məşhur azərbaycanlı geoloq, görkəmli elm xadimi, geologiya və mineralogiya elmləri doktoru, Sosialist Əməyi Qəhrəmanı Fərman Salmanovun büstü qoyulub.

S. Orconikidze adına Rusiya Dövlət Geoloji Kəşfiyyat Universitetində (RDGKU) Fərman Salmanovun 90 illik yubileyi münasibətilə onun adına auditoriyanın və büstün açılışı olub.

Heydər Əliyev Fondunun dəstəyi ilə ərsəyə gələn büstün müəllifi Azərbaycanın Xalq rəssamı Natiq Əliyevdir.

Azərbaycanın Rusiyadakı Səfiri Polad Bülbüloğlu Heydər Əliyev Fonduna, Fondun prezidenti, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya iki ölkə arasında münasibətlərin möhkəmlənməsində verdiyi böyük töhfəyə görə təşəkkürünü bildirib: “Heydər Əliyev Fondu Rusiyada çoxlu layihələr həyata keçirir, məktəbləri təmir edir, abidələr ucaldır. Fondun fəaliyyət coğrafiyası çox genişdir - Həştərxandan, Volqoqraddan Sankt-Peterburqa kimi... Bu gün isə Rusiya Dövlət Geoloji Kəşfiyyat Universitetində Fərman Salmanovun büstü açılır. Bu, çox əlamətdar hadisədir”.

Diplomat əfsanəvi neftçinin həyat və yaradıcılıq yolundan da danışıb.

Azərbaycanın energetika naziri Pərviz Şahbazov bu təşəbbüsün həyata keçirilməsində əməyi olan hər kəsə təşəkkürünü bildirib: “Ölkəmizin görkəmli nailiyyətlərini tanıtmaq üçün uzun illər göstərdiyi səylərə görə Heydər Əliyev Fonduna xüsusi təşəkkür düşür”.

Pərviz Şahbazov Qərbi Sibirin Tümen bölgəsində nəhəng neft-qaz yataqlarının kəşfinin Fərman Salmanovun adı ilə bağlı olduğunu xatırladıb: “Fərman Salmanov dünya tarixində böyük neft və qaz yataqlarının kəşfi ilə məşğul olan ən məhsuldar geoloqdur”.

Nazir Prezident İlham Əliyevin Sərəncamı ilə Fərman Salmanovun xatirəsinin ölkəmizdə də əbədiləşdirildiyini vurğulayıb.

Universitetin kafedra müdiri, Rusiyanın əməkdar geoloqu Vaqif Kərimov qeyd edib ki, Fərman Salmanovun adına auditoriya və onun büstünün açılması ali məktəb üçün əlamətdar hadisədir: “Fərman Salmanov Qərbi Sibirdə 150-dən çox neft və qaz yatağını kəşf edib. Bu yataqlar dünyada ehtiyatlarına görə ən nəhənglərdən hesab olunur”.

Universitetin prorektoru Yuri Panov bildirib ki, Fərman Salmanov adına auditoriya ali məktəbin bütün tələbələri üçün işlək olacaq: “Tələbələrimiz bu auditoriyada məşhur azərbaycanlı geoloqun təcrübəsini öyrənəcəklər”.

Fərman Salmanovun qızı Tatyana Salmanova atasının xatirəsinə ehtirama görə Heydər Əliyev Fonduna təşəkkür edib: “Bu, mənim üçün gözlənilməz oldu. Bu gün atamı xatırlayırlar, onun əziz xatirəsini yad edirlər. Bu, mənim üçün çox vacibdir”.

.