Moskvada 21-ci Beynəlxalq Müsəlman Forumu keçirilib.
"Deqloballaşma dövründə sülh və etimad: Müasir çağırışlara İslam baxışı" mövzusu altında keçirilən forumda İslam dünyasının onlarla ölkəsindən ali müftilər, diplomatlar, rəsmilər və dini liderlər iştirak edib.
Azərbaycanı forumda Milli Məclisin vitse-spikeri Rafael Hüseynov təmsil edib.
Forumun əsas mövzusu qlobal dəyişikliklər dövründə sülh və etimad axtarışı olub.
Tədbiri açan Forumun baş katibi və Rusiya Müsəlmanları Ruhani İdarəsinin sədri müfti Şeyx Ravil Qaynutdin çıxışına Avstraliyada baş verən son hücumu kəskin şəkildə pisləməklə başlayıb. O, 21-ci Beynəlxalq Müsəlman Forumunun keçirilməsinin Məhəmməd Peyğəmbərin anadan olmasının 1500 illiyi və İmam ət-Tirmizinin 1200 illiyi də daxil olmaqla bir neçə əlamətdar yubileylə üst-üstə düşdüyünü söyləyib.
Qaynutdin forum iştirakçılarına müraciət edərək vurğulayıb ki, beynəlxalq münasibətlərin hazırkı mərhələsi əməkdaşlığa tamamilə yeni bir yanaşma tələb edir.
Azərbaycan Milli Məclisinin sədr müavini R.Hüseynov çıxışında işğaldan azad olunan ərazilərdə məscidlərin bərpası məsələsindən danışıb. Bildirib ki, İslam dini 7-ci yüzillikdə yaransa da, çağırışları ilə, mütərəqqi mahiyyəti ilə bu gün və gələcək üçün də yararlı olan çox düsturlar ifadə edir: "Bunun ən bariz nümunəsi Azərbaycandır. Azərbaycan 30 ildən artıq müddətdə işğal altında olan torpaqlarını nəhayət ki, azad etdi. Bizim bu işğal altında olan ərazilərdə 400-dən artıq dini abidələr, məscidlər, ibadətgahlar dağıdılmışdır. Azərbaycan bir-bir onları Böyük Qayıdış proqramı çərçivəsində bərpa edir. İndi həmin o məscidlərdən, ibadətgahlardan dualar səslənir. O dualar heç də kinə, nifrətə, intiqama səsləmir. O məscidlərdən səslənən dualar insanları sülhə, əminamanlığa, daha rahat və barışıq içərisindəki bir həyata çağırır. Azərbaycan bu yolu keçmiş bir ölkə kimi dünyaya islam mövqeyindən çıxış edərək bunu təklif edir. Bu, bir düsturdur. Əgər xalqlar, ölkələr bu düsturla, Azərbaycan nümunəsi ilə hərəkət etsələr, bu günki forumun ideyası ilə səsləşən uğurlara çata bilərlər".
Forumun moderatoru Rusiyanın Ali müftisinin müavini Dəmir Müxitdinov Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin bu günlərdə anım günü olduğunu xatırladıb. O, imkandan istifadə edərək Heydər Əliyevin işıqlı xatırəsinin dərin ehtiram hissi ilə andıqlarını söyləyib.
Forum öz işini müzakirə panelləri ilə davam etdirib.
.
