“Erməni vəhşiliyini görmək istəyən Ağdama gəlsin”.

Bunu Ağdam şəhərinə səfəri zamanı jurnalistlərə açıqlamasında M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin tarix fakültəsinin dosenti, Rusiya Dövlət Humanitar Universiteti yanında Qafqazşünaslıq Mərkəzinin rəhbəri İsmayıl Ağakişiyev deyib.

O qeyd edib ki, belə bir mənzərə ilə qarşılaşacaqlarını gözləmirdilər: “Biz Moskva şəhərindən gəlmişik. Bura gəlməkdə məqsədimiz video reportaj hazırlamaqdır. Açığı, deyiləndə ki, burada bir belə dağıntılar var, insanlar bəlkə də inanmırdılar. Axı nəyə görə 21-ci əsrdə torpaqlar zəbt olunsun, böyük şəhərlər dağıdılsın? Səfərdə iştirak edənlərin hamısı bunları gözləri ilə gördükdən sonra dəhşətə gəldilər. İnsanların bura gəlmələri, bu vəhşilikləri öz gözləri ilə görmələri, gördüklərini mətbuatda yaymaqları, həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması üçün çox vacibdir”. 

Gürcü jurnalist: “Ağdamda gördüklərim məndə dəhşətli təəssürat yaradır”

"80-ci illərin ortalarında atamla birlikdə səfər etdiyim şəhərdən heç nə qalmayıb".

Bunu Ağdamda səfərdə olan tanınmış gürcü jurnalist Giorgi Saralidze jurnalistlərə açıqlamasında deyib.

Gördüyü mənzərədən olduqca narahat olduğunu deyən G. Saralidze vurğulayıb ki, bu miqyasda dağıntıların niyə törədildiyini anlamaqda çətinlik çəkir: “Gördüklərim məni olduqca kədərləndirir. Mən şəkillərdə buradakı dağıntıları görmüşdüm. Doğrusunu desəm, mən bunu gözləmirdim. Gənc yaşlarımda, 80-ci illərin ortalarında atamla birlikdə buralarda olmuşam. O zamanlar buralar çiçəkləyirdi, indi gördüyüm isə kabus kimidir. Sovet İttifaqı vaxtlarında çox yaxşı bilinən bir şəhər indi sadəcə olaraq yoxdur. Onlarla kilometrlik bir ərazidə hər şey dağıdılıb. Doğrusunu desəm bu məndə dəhşətli bir təəssürat yaradır. Ən başlıcası da mən anlamıram ki, bu niyə edilib. Mənim üçün bu bir tapmacadır”.

.