Ağdamda yerləşən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzində şəxsi heyət bütün lazımı texniki vasitələrlə təmin olunub.

Bunu jurnalistlərə açıqlamasında mərkəzdə fəaliyyət göstərən Rusiya Federasiyasının polkovniki Mixail Zavalnik deyib. Onun sözlərinə görə, nəzarət günün 24 saatında aparılır:

“Şəxsi heyət öz vəzifələrini 11 noyabrda imzalanan memorandum əsasında həyata keçirir. Nəzarət Forpost və Orlan 10 uçuş aparatları vasitəsi ilə 24 saatlıq rejimdə aparılır. Mərkəzin növbətçilik aparan şəxsi heyətinə operator, rabitə üzrə zabitlər, tərcüməçi və pilotsuz uçuş aparatlarının operatorları daxildir. Şəxsi heyyət lazım olan bütün texniki vasitələrlə təmin olunub”.

Monitorinq Mərkəzinin vəzifəsi Qarabağdakı bütün toqquşmalara son qoymaqdır

Fəaliyyəti və məqsədləri Türkiyə və Rusiya arasında yanvarın 30-da imzalanmış birgə qərarla müəyyənləşdirilmiş Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin vəzifəsi Dağlıq Qarabağdakı bütün toqquşmaları başa çatdırmaq və atəşkəsə nəzarət etməkdir.

Bunu isə Birgə Monitorinq Mərkəzində fəaliyyəti göstərən türkiyəli hərbçi, polkovnik Ali Karkaş deyib.

O bildirib ki, bu vəzifəni icra etmək üçün Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi atəşkəsə nəzarəti həyata keçirməkdədir:

"Mərkəz hər hansı pozuntularla bağlı məlumatların toplanması, birləşdirilməsi və dəqiqləşdirilməsini aparmaqda, pilotsuz uçuş aparatları vasitəsilə atəşkəs pozuntularını qeydə almaqda, digər pozuntulurla bağlı şikayətləri nəzərdən keçirməklə və zəruri məlumatları toplamaqla atəşkəs rejiminin pozulmasının qarşısını almaqdadır".

.