"Biz heç kimin Moldova Respublikasının daxili işlərinə qarışmasını qəbul etməyəcəyik".
Yenizaman Moldova mətbuatına istinadən xəbər verir ki, bunu Tatarıstan rəhbərinin Moldovaya daxil olmasına icazə verilməməsi ilə bağlı Moldova Baş naziri Dorin Reçan hökumət kabinetinin iclasında deyib.
"Ukraynada insanların, uşaqların, qadınların öldürülməsinə kömək edən vətəndaşların burada işi yoxdur. Biz müharibəyə qarışmamalıyıq. Moldova müharibəyə qarışmamalıdır və bu vəhşiliklərlə əlaqələndirilə bilməz. Bu şəxslər sərhəd polisinə və hava limanının rəhbərliyinə problem yaratmamalıdırlar. Biz heç kimin Moldova Respublikasının daxili işlərinə qarışmasını qəbul etməyəcəyik. Moldova Respublikasında təcavüzkar adlandıran və müvəqqəti olaraq deputat statusu daşıyanlara tövsiyə edirəm ki, bundan əl çəksinlər, çünki uğur qazanmayacaqlar", Moldova hökumət başçısı deyib.
Dorin Reçan xarici işlər naziri Niku Popeskuya, eləcə də Rusiya rəsmilərinin ölkəyə girişinə icazə verməyən Moldova hüquq-mühafizə orqanlarının əməkdaşlarına təşəkkür edib.
Baş nazir həmçinin iki rusiyalı diplomatın da hərəkətinə məhdudiyyət qoyulmasına çağırıb.
Xatırladaq ki, aprelin 18-də bir neçə əcnəbi vətəndaşın Moldova dövlət sərhədini keçmək üçün icazə şərtlərinə cavab vermədiyi üçün ölkəyə girişi qadağan edilib. Onların arasında Rusiya Federasiyasının Tatarıstan Respublikasının rəhbəri Rüstəm Minnixanov da var. O, moldovalı sosialist deputat Aleksandr Suxodolskinin dəvəti ilə Komratda keçirilən qurultayda iştirak etmək üçün bu ölkəyə səfər edib.
.
