Gürcüstan Prezidenti Mixail Kavelaşvili Ermənistana səfəri çərçivəsində həmkarı Vaaqn Xaçaturyan ilə görüşdən sonra keçirilən mətbuat konfransında Cənubi Qafqazda sülh və sabitliyin təmin olunmasına dair açıqlamalar verib.

Prezident bəyan edib ki, Gürcüstan 2025-ci il martın 13-də Ermənistan və Azərbaycan arasında sülh sazişi üzrə danışıqların tamamlanmasına dair verilmiş bəyanatı birmənalı şəkildə alqışlayır.

“İnanırıq ki, bu, dinc, təhlükəsiz, sabit və inkişaf etmiş Cənubi Qafqaz regionunun qurulması istiqamətində mühüm prosesin başlanğıcıdır”, – deyə Kavelaşvili bildirib.

O qeyd edib ki, Gürcüstan Ermənistan və Azərbaycanın yaxın gələcəkdə sülh sazişi imzalayacağına ümid bəsləyir və bu təşəbbüs regionda müsbət inkişaf dinamikasını keyfiyyətcə yeni mərhələyə qaldıracaq.

Prezident əlavə edib ki, Gürcüstan bölgədəki bütün tərəflərlə qarşılıqlı faydalı əməkdaşlığa hazırdır və bu yöndə artıq 2025-ci il aprelin 17-də Tbilisidə keçirilmiş üçtərəfli regional görüş də əhəmiyyətli addım kimi qiymətləndirilir.

Kavelaşvili çıxışında, həmçinin regionda dinc birgəyaşayış və qarşılıqlı hörmət əsasında qurulacaq çoxqütblü beynəlxalq nizama töhfə verməyə hazır olduqlarını vurğulayıb.

.