Rusiyanın baş naziri Mixail Mişustin Dövlət Dumasına yeni hökumətin tərkibi ilə bağlı təkliflərini təqdim edib.
Təkliflərə əsasən, hazırda fəaliyyət göstərən nazirlərin bəziləri öz postlarını saxlayacaqlar.
Denis Manturov Sənaye və Ticarət Nazirliyinin rəhbəri vəzifəsini tərk edərək baş nazirin birinci müavini olacaq. O, bu vəzifədə 65 yaşlı Andrey Belousovu əvəz edəcək.
Nəqliyyat Nazirliyinin rəhbəri, 70 yaşlı Vitali Savelyev baş nazirin nəqliyyat və logistika üzrə müavini olacaq. Savelyevin Nəqliyyat Nazirliyindəki yerini Kursk vilayətinin 52 yaşlı qubernatoru Roman Starovoyt əvəz edəcək.
Kənd Təsərrüfatı Nazirliyinin rəhbəri, 46 yaşlı Dmitri Patruşev Viktoriya Abramçenkonu kənd təsərrüfatı və ekologiya məsələləri üzrə baş nazirin müavini vəzifəsində əvəz edəcək. Patruşevin əvəzinə Kənd Təsərrüfatı Nazirliyinə onun birinci müavini, 45 yaşlı Oksana Lut rəhbərlik edəcək.
Kalininqrad vilayətinin 37 yaşlı qubernatoru Anton Alixanov sənaye və ticarət naziri olacaq. 72 yaşlı Nikolay Şulqinovun əvəzinə Energetika Nazirliyinə Kemerovo vilayətinin 62 yaşlı qubernatoru Sergey Tsivilev rəhbərlik edəcək.
İdman Nazirliyinin rəhbəri 59 yaşlı Oleq Matytsinin əvəzinə Xabarovsk diyarının 42 yaşlı qubernatoru Mixail Deqtyarev olacaq.
Baş nazirin müavini Aleksandr Novaka energetikadan əlavə, iqtisadiyyata və sanksiyalarla mübarizə məsələlərinə nəzarət etmək tapşırılıb. Hökumət aparatına rəhbərlik edən baş nazirin müavini Dmitri Qriqorenko rəqəmsal inkişaf və antiinhisar siyasətinə də nəzarət edəcək.
Baş nazirin müavini Dmitri Çernışenko da mətbuata nəzarət edəcək. Digər müavin Tatyana Qolikova öz vəzifəsini qoruyacaq və eyni zamanda Milli İşlər üzrə Federal Agentliyin işinə də nəzarət edəcək.
Konstitusiyaya görə, Baş nazir Dövlət Dumasına birbaşa prezidentə tabe olan nazirlər üçün namizədlər təklif etmir. Bunlar Daxili İşlər Nazirliyi, Xarici İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi və Ədliyyə Nazirliyidir. Bu departamentlərin rəhbərləri vəzifələrinə namizədləri prezident özü təklif edir və o, təyinatla bağlı parlamentin yuxarı palatası - Federasiya Şurası ilə məsləhətləşəcək.
Bununla yanaşı, Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmət Rusiya Müdafiə Nazirliyindən çıxarılaraq birbaşa prezidentə həvalə edilib.
Qeyd edək ki, mayın 10-da Vladimir Putin Mixail Mişustini hökumətin sədri təyin edib. Baş nazir artıq prezidentə federal icra orqanlarının strukturu ilə bağlı təkliflər təqdim edib.
.