Neftçilərin Hüquqlarının Müdafiəsi Komitəsinin sədri Mirvari Qəhrəmanlı Dövlət Sərhəd Xidmətini (DSX) məhkəməyə verib.
Yenizaman.az bildirir ki, bunu aznews.az-a açıqlamasında M. Qəhramanlı deyib.
Hüquq müdafiəçisi bildirib ki, mayın 22-də DSX-nın əməkdaşları kürəkəni Eldar Əzizovun və nəvəsi Camal Əzizovun Gürcüstana getməsinin qarşısını alaraq, onları sərhəddən geri qaytarıblar: "Məhkəminin qərarı olmadan DSX, ailə üzvlərimin ölkə Konstitusiyasının 28-ci maddəsini və "İnsan hüquqularının və əsas azadlıqlarının müdafiəsi haqqında" Avropa Konvensiyasını pozduğu üçün Səbayel Rayon Məhkəməsinə müraciət etmişəm. Məhkəmə prosesi yaxın günlərdə keçiriləcək”.
M. Qəhramanlı əlavə edib ki, İnsan Haqları üzrə Avropa Məhkəməsinə də müraciət edəcəklərini də düşünür: "Bu prosesdən sonra Azərbaycanda ilk dəfə olaraq Avropa Məhkəməsinə girovluqla bağlı şikayət də etmək fikirindəyəm. Burada da Dövlət Sərhəd Xidmətinin məhkəminin qərarı olmadan ailə üzvlərimin xaricə çıxışının qarşısının alınması yer alacaq”.
Xatırladaq ki, Mətanət Əzizova "Ayna-Zerkalo” qəzetlərinin həbsdə olan şərhçisi Rauf Mirqədirovun işi ilə bağlı mayın 1-də Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsində 4 saata yaxın dindirilib. Ancaq ona daha çox Leyla Yunusun rəhbərlik etdiyi Sülh və Demokratiya İnstitutunun fəaliyyəti haqqında suallar veriblər. Qadın Krizis Mərkəzi bu institutla eyni ofisdə yerləşir.
Mayın 6-da Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizovanın evində axtarış aparılıb. Hazırda Mətanət Əzizova xarici ölkələrin birində məskunlaşıb.
.
