Rusiya Federasiya Şurasında Dağlıq Qarabağın tarixi ilə bağlı faktlar səsləndirilib

Milli Məclisin Sədri Sahibə Qafarova sentyabrın 23-də Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasında çıxışı zamanı Dağlıq Qarabağ münaqişəsindən danışıb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Sahibə Qafarova deyib ki, ən yaralı yerimiz olan Dağlıq Qarabağ münaqişəsinə toxunmaya bilməz: “Bu münaqişə nəticəsində Azərbaycan ərazilərinin beşdə bir hissəsi, o cümlədən Dağlıq Qarabağ bölgəsi və ətraf 7 rayon işğal edilib.

Burada iştirak edənlərin münaqişə haqqında obyektiv və tam təsəvvürü olması üçün mən Dağlıq Qarabağın tarixinə kiçik bir ekskurs etmək istərdim.

1805-ci il mayın 14-də Azərbaycanda, Gəncə şəhərinin yaxınlığında yerləşən Kürəkçay qəsəbəsində Qarabağ xanlığının Rusiyanın hakimiyyəti altına keçməsi haqqında Kürəkçay müqaviləsi imzalanıb. Müqavilə Qarabağ xanı İbrahimxəlil xan və Rusiya imperiyasının generalı Pavel Sisianov tərəfindən imzalanıb.

1921-ci ildə Bolşevik partiyasının Qafqaz bürosu Dağlıq Qarabağın Azərbaycanın tərkibində saxlanılması haqqında qərar qəbul edib. Diqqət yetirin, bəzi saxtakar erməni mənbələrinin əsassız olaraq, iddia etdiyi kimi “təhvil verilməsi” deyil, “saxlanılması” haqqında.

1923-cü ildə Azərbaycan Sovet Sosialist Respublikası Azərbaycanın tərkibində Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması barədə fərman qəbul edib.

Təəssüflə qeyd etmək lazımdır ki,  Ermənistan Dağlıq Qarabağın ələ keçirilməsi cəhdlərindən heç vaxt əl çəkməyib. XX əsrin 80-ci illərində bu, bir daha baş verdi. Həmin vaxt əsrlər boyunca öz tarixi torpaqlarında yaşamış olan yüz minlərlə azərbaycanlı Ermənistandan qovuldu, 700 min etnik azərbaycanlı isə Dağlıq Qarabağ və ətraf 7 rayonda öz daimi yaşayış yerindən didərgin salındı. Etnik təmizləmə nəticəsində dinc əhali  çoxsaylı qurbanlar verdi və işğal edilmiş ərazilərdə müasir beynəlxalq humanitar hüquqa baxmayaraq, qeyri-qanuni olaraq demoqrafik vəziyyət dəyişdirildi”.

Milli Məclisin Sədri: "Azərbaycan tarixi torpaqlarında ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək"

“Azərbaycan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn tanınmış norma və prinsipləri, ilk növbədə dövlətlərin ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı əsasında həllində dinc diplomatik səylərə daim sadiq qaldığını nümayiş etdirir".

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən  verilən məlumata görə, bunu bu gün Milli Məclisin Sədri Sahibə Qafarova Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasında çıxışı zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli perspektivləri barədə danışarkən bildirib.

S. Qafarova deyib ki, Azərbaycan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn tanınmış norma və prinsipləri, ilk növbədə dövlətlərin ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı əsasında həllində dinc diplomatik səylərə daim sadiq qaldığını nümayiş etdirir: "Təəssüf ki, Azərbaycan tərəfinin problemin sülh yolu ilə həlli istiqamətində bütün səyləri müxtəlif təxribatlara və hərbi ritorikaya üstünlük verən Ermənistan hakimiyyətinin qeyri-konstruktiv siyasəti nəticəsində puç olur. Məsələn, Azərbaycanın mülki obyektlərinə zərbələr endirilməsinə dair təhdidlərə necə qiymət vermək olar? Bildirmək istəyirəm ki, Azərbaycan heç vaxt başqasının torpağına iddia etməyib. Azərbaycan xalqı özünün tarixi torpaqlarında ikinci erməni dövlətinin yaradılmasına heç bir zaman imkan verməyəcək”.

Sahibə Qafarova: "Ümid edirik ki, Rusiya münaqişənin həlli üçün əlindən gələni əsirgəməyəcək"

“Düşünürəm ki, yalnız regional məsələlərdə deyil, qlobal gündəmdəki məsələlərin həllində də Rusiyanın mövcud rolundan danışmağa ehtiyac yoxdur".

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Milli Məclisin Sədri Sahibə Qafarova Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasında çıxışı zamanı bildirib. 

Spiker ATƏT-in Minsk qrupunun həmsədri olan və əvvəldən münaqişənin sülh yolu ilə həllinə çalışan Rusiyanın beynəlxalq siyasətdə öz nüfuzundan istifadə edəcəyinə və uzun illər davam edən bu qarşıdurmaya son qoymaq üçün əlindən gələni əsirgəməyəcəyinə ümid etdiyini vurğulayıb. 

 Sahibə Qafarova: "Kim faşizm uğrunda ölürsə, o, Ermənistan uğrunda ölür" ifadəsi çox təhlükəlidir"

“"Kim faşizm uğrunda ölürsə, o, Ermənistan uğrunda ölür” ifadəsi çox təhlükəlidir".

Milli Məclisin Mətbuat  və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, bunu Milli Məclisin Sədri Sahibə Qafarova Rusiya Federal Məclisi Federasiya Şurasının plenar iclasında çıxışında deyib.

Sahibə Qafarova çıxışı zamanı İrəvanın mərkəzində Hitlerin tərəfdarı olan faşist əlaltısı Qaregin Njdeyə heykəl qoyulması məsələsinə toxunaraq deyib ki, ötən illər ərzində faşist ideologiyasına son qoyulmasına baxmayaraq, bəzi ölkələrin son zamanlar tarixi yenidən yazmaq istəməsi ilə yanaşı,  nasist əlaltılarının qəhrəmanlaşdırılması cəhdləri də müşahidə olunur, onlara abidələr ucaldılır və bu da beynəlxalq ictimaiyyətin haqlı qəzəbinə və qınağına səbəb olur: “Mübaliğəsiz biabırçılıq olan bu cür hadisələrə münasibət bildirməkdən Rusiya kənarda qalmadı və nasizmin qəhrəmanlaşdırılmasına qarşı mübarizə barədə BMT-də müzakirə aparılmasının və qətnamə qəbul edilməsinin təşəbbüskarı oldu.

Ancaq biz görürük ki, bir sıra dövlətlər, məsələn Ermənistan Respublikası Birləşmiş Millətlər Təşkilatının və digər nüfuzlu beynəlxalq qurumların qərarlarına əhəmiyyət vermir. Əks təqdirdə, Yerevanın mərkəzində Hitler tərəfdarı olan faşist əlaltısı Qaregin Njdeyə altı metr hündürlüyündə heykəlin qoyulmasını nə ilə izah etmək olar? Axı, “kim faşizm uğrunda ölürsə, o, Ermənistan uğrunda ölür” ifadəsi məhz ona məxsusdur. Düşünürük ki, Ermənistanın bu cür hərəkətləri diqqətdən kənarda qalmamalı və öz adekvat cavabını almalıdır.”

Spiker: “Ermənistanın Suriya və Livan qaçqınlarını Dağlıq Qarabağda məskunlaşdırması narahatlıq doğurur”

“Ermənistan tərəfindən həyata keçirilən Suriya və Livan qaçqınlarının qanunsuz Dağlıq Qarabağ ərazisində məskunlaşdırılması xüsusi narahatlıq doğurur”.

Milli Məclisin Mətbuat  və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, bunu Milli Məclisin Sədri Sahibə Qafarova Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının plenar iclasında çıxışında deyib.

O, Ermənistanın Dağlıq Qarabağ münaqişəsindəki qeyri-konstruktiv mövqeyi və Azərbaycanın Tovuz rayonu ilə sərhəddə törətdiyi təxribat barədə danışarkən deyib ki, ən yüksək səviyyədə – BMT çərçivəsində 1993-cü ildə Təhlükəsizlik Şurasının Ermənistan silahlı birləşmələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılması barədə dörd qətnamə qəbul etməsinə baxmayaraq, atəşkəs rejimini daim pozan Ermənistan tərəfindən həmin qətnamələrə bu günədək məhəl qoyulmur: “Ermənistanın son təxribatı isə artıq Qarabağda deyil, Azərbaycan-Ermənistan dövlət sərhədində baş verdi. Belə ki, cari il iyulun 12-də Tovuz rayonu istiqamətində yaşayış məntəqələri artilleriya atəşinə tutuldu. Nəticədə azərbaycanlı hərbçilər və mülki şəxslər həlak oldu və yaralandı. Bütün bunlar beynəlxalq humanitar hüququn, o cümlədən 1949-cu il 12 avqust tarixli Cenevrə Konvensiyasının və 1977-ci il iyunun 8-də qəbul edilmiş Əlavə Protokolunun ciddi şəkildə pozulması deməkdir və hərbi cinayət kimi qiymətləndirilir. Həmin konvensiyaların ziddinə olaraq bu gün  Ermənistan tərəfindən  həyata keçirilən Suriya və Livan qaçqınlarının qanunsuz olaraq Dağlıq Qarabağ ərazisində məskunlaşdırılması xüsusi narahatlıq doğurur”.

Qeyd edək ki, ilk dəfədir Azərbaycan parlamentinin spikeri Rusiya Federal Məclisində çıxış edir.

.