Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Sumqayıt və Lənkəran şəhərlərindəki Yaşayış Komplekslərində mənzillərin satışa çıxarılmasını planlaşdırır.

Bu barədə "Report"un sorğusuna cavab olaraq MİDA-dan bildirilib.

Məlumata görə, güzəştli mənzillərin satışına dair elan prosesə ən azı 30 gün qalmış veriləcək. Vətəndaşlar bu barədə media vasitəsilə, Agentliyin internet səhifəsi və sosial şəbəkələrdəki hesabları vasitəsilə məlumatlandırılacaq. Bununla yanaşı, istifadəçilərin "Güzəştli mənzil" sistemindəki elektron kabinetlərinə bildirişlər yerləşdiriləcək, həmçinin elektron poçt və SMS vasitəsilə məlumat göndəriləcək.

Sumqayıt Yaşayış Kompleksi Mehdi Hüseynzadə adına şəhər stadionunun şimal-şərqində, 2 hektar ərazidə yerləşir. Kompleks 6 doqquzmərtəbəli, 4 onikimərtəbəli və 1 onbeşmərtəbəli olmaqla 11 binadan ibarətdir. Binalarda ümumilikdə 461 mənzil var. Mənzillərdən 13-ü studio tipli, 113-ü ikiotaqlı, 279-u üçotaqlı və 56-sı dördotaqlıdır. Mənzillərin sahəsi isə aşağıdakı kimidir:
- Studio tipli mənzillər: 50.03 kv.m
- İkiotaqlı mənzillər: 59.17 - 61.00 kv.m
- Üçotaqlı mənzillər: 78.10 - 82.13 kv.m
- Dördotaqlı mənzillər: 105.6 - 109.4 kv.m

Kompleksdə yaşayış binaları ilə yanaşı sosial-məişət obyektləri, uşaq oyun meydançaları və 80 yerlik bir uşaq bağçasının inşası nəzərdə tutulur.

Lənkəran Yaşayış Kompleksi isə Akademik Zərifə Əliyeva küçəsi, 303 ünvanında, 1,5 hektar ərazidə yerləşir. Kompleks 5 doqquzmərtəbəli binadan ibarətdir. Binalarda ümumilikdə 240 mənzil var. Onlardan 32-si studio tipli, 36-sı ikiotaqlı, 104-ü üçotaqlı, 68-i dördotaqlıdır. Mənzillərin sahəsi isə belədir:
- Studio tipli mənzillər: 40.1 kv.m
- İkiotaqlı mənzillər: 57.68 - 57.70 kv.m
- Üçotaqlı mənzillər: 72.82 - 76.74 kv.m
- Dördotaqlı mənzillər: 98.7 - 114.61 kv.m

.