"ABŞ və Rusiya Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə öz töhfələrini verməyincə, mən münaqişənin həllində irəliləyiş gözləmirəm”.

Bu sözləri ABŞ-ın Azərbaycandakı sabiq səfiri, ATƏT-in Minsk qrupunun keçmiş həmsədri Metyu Brayza deyib. O bildirib ki, ABŞ və Rusiya bu məsələni ikitərəfli əlaqələrin gündəliyinə daxil etməlidir: "İndi bu ölkələr arasında demək olar ki, əlaqə yoxdur. Həmsədrlər gələcək, həll yolları axtaracaq, danışıqlar aparacaqlar. Amma qeyd etdiyim məsələ olmasa, irəliləyiş olmayacaq”.

"Dağlıq Qarabağ münaqişəsinin həllində 25 ildir irəliləyiş olmadığı barədə düşüncə doğru deyil”.
Bunu da Metyu Brayza Bakıda "Caucasus İnternational” jurnalının nəşrinin 5 illiyinə həsr edilmiş "Cənubi Qafqaz beynəlxalq arenada: Region və ətrafında əməkdaşlıq və rəqabət" mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.
M. Brayza bildirib ki, 10 il əvvəl münaqişənin həlli ilə bağlı əsas sənəd hazırlanmış və razılaşdırılmışdı: "Bu, yeganə işlək sənəddir və münaqişənin həllində fundamental balans yaradır. Problem odur ki prezidentlər bir-birinə etibar etmir. Münaqişənin həlli üçün tərəflərin güzəştə getməsinə ehtiyac var. Münaqişənin yeganə həlli vasitəçilik və liderlik yolu ilə mümkündür. Bunu da Rusiya və ya ABŞ üzərinə götürə bilər. Amma inanmıram ki, Tramp bunun öhdəsindən gəlsin. Buna çoxlu vaxt tələb olunacaq, ABŞ-ın siyasi rəhbərliyində isə bu işi görəcək siyasətçilər yoxdur”.

.