Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Mətbuat Şurası tərəfindən "Heydər Əliyev siyasəti: hüquqi dövlət quruculuğunda media təminatı” mövzusunda tədbir keçirilib.
Tədbirdə çıxış edən Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov bildirib ki, Ulu Öndər ikinci dəfə hakimiyyətə qayıdanda insanları Azərbaycançılıq ideyası ətrafında birləşdirdi:
"Bununla da o, xalqın idarəsinə arxalanan siyasətçi olduğunu göstərdi. Heydər Əliyev ikinci dəfə hakimiyyətə gəlməmişdən əvvəl ölkəmiz vətəndaş müharibəsi ərəfəsində idi, sənayedə böyük durğunluq yaranmışdı, məcburi köçkün problemi var idi. "İpək yolu"nun bərpa edilməsi, iqtisadiyyatın bir çox sahələrində aparılan islahatlar, Azərbaycanın hüququ dövlət səviyyəsinə qaldırılması Ulu Öndərin həyata keçirdiyi siyasətin nəticəsidir. Bununla da hər kəs əmin oldu ki, yalnız xalqın iradəsi ilə hakimiyyətə gəlmək mümkündür. Cümhuriyyət dövrünü çıxmaqla, mətbuat 1998-ci ilə qədər senzura altında fəaliyyət göstərib. Mətbuatın senzuradan azad edilməsi qərarını da məhz Heydər Əliyev verdi. Nəticədə dövlətin heç bir qurumu mətbuat üzərində söz haqqına sahib olmadı. Bu da media azadlığının vacib şərti idi. Ulu Öndərin hakimiyyəti illərində mətbuatın iqtisadi bazasının möhkəmlənməsi üçün çoxsaylı fərman və sərəncamlar imzalandı.Bütün bunların nəticəsidir ki, Azərbaycan jurnalistləri 2002-ci ildə Ulu Öndəri özlərinə dost seçiblər”.
Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Vüqar Əliyev bildirdi ki, təkcə ölkəmizdə deyil, xaricdə yaşayan soydaşlarımız da Ulu Öndərin 95 illik yubileyini böyük təntənə ilə qeyd edirlər:
"Bu tədbirlərdə onun həyat yolu, dövlətçiliyin formalaşmasında gördüyü işlər bir daha nəzərdən keçirilir. İstər 1969-cu ildə Azərbaycana rəhbər təyin olunanda, istərsə də xalqın iradəsi ilə təkrar hakimiyyətə qayıdandan sonra onun gördüyü işlər xalqımızın inkişafında müstəsna əhəmiyyət kəsb edir. Ona görə də onun adı Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb. 1991-93-cü illərdə Azərbaycanın hansı şəraitdə yaşadığı hər birimizə məlumdur. Dövlət idarəçiliyindəki qüsurlar, siyasi qarşıdurmalar, vətəndaş müharibəsi təhlükəsi Azərbaycanı adının siyası xəritədən silinməsi ilə üz-üzə qoymuşdu. Ümmilli liderin qətiyyətli siyasəti nəticəsində sarsıntılardan qurtulub inkişaf edən bir ölkəyə çevrildik. 1995-ci ildən başlayaraq, ölkədə bütün sahələrdə inkişaf hiss olundu. Heydər Əliyev regionda və dünyada milli maraqlarımızın qorunması üçün böyük işlər həyata keçirdi. Heydər Əliyev Azərbaycanda demokratik dəyərləri bərqərar edən, vətəndaş cəmiyyəti institutunun əsasını qoyan dəyərli şəxsiyyətdir. Sovet dövründə Heydər Əliyevin hakimiyyəti illərində Azərbaycan dilində olan qəzetlərin, televiziyada Azərbaycan dilli verilişlərin sayı artdı, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin fəaliyyəti genişləndi. Müstəqillikdən sonra o, demokratik mətbuatın formalaşması istiqamətində də məqsədyönlü siyasət həyata keçirdi. Heydər Əliyevin böyüklüyü onda idi ki, azad mətbuatın gücünü aydın görürdü. Onun siyasətinin əsas qayəsi Azərbaycan mətbuatının müstəqil olması idi və bütün səylərini bu istiqamətə yönəltmişdi. Mətbuat Şurasının yaradılması medianın özünütənzimləmə prinsipinin tətbiqi idi. Ulu Öndər mediaya dövlət dəstəyini ənənəyə çevirən şəxs idi. Mətbuat orqanlarının nəşriyyat borclarının silinməsi onun hakimiyyəti dövründə həyata keçirilən tədbirlərdən idi. O daim jurnalistləri diqqət mərkəzində saxlayırdı. Azərbaycan mətbuatı da Ümummilli liderin mediaya isti münasibətini hər zaman dəyərləndirib. Heydər Əliyev tərəfindən əsası qoyulan media siyasəti bu gün İlham Əliyev tərəfindən uğurla davam etdirilir”.
.
