Azərbaycan Mətbuat Şurası "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin əməkdaşlarının bu il iyulun 28-də Fransada təzyiqə məruz qalması ilə bağlı bəyanat yayıb.

Bəyanatda AzTV əməkdaşlarının Fransada hücuma məruz qalmasının söz və ifadə azadlığına dözülməz münasibətin nəticəsi olduğu bildirilib.

Qeyd olunub ki, Fransada peşə borclarını yerinə yetirən jurnalistlərin fəaliyyətlərinin məhdudlaşdırılması, onlara qarşı şiddət halları ilk deyil: "AzTV-nin əməkdaşları da belə bir hadisə ilə xidməti vəzifələrini yerinə yetirərkən - çəkiliş apararkən üzləşiblər. Müxbir və operator yüngül bədən xəsarətləri alıblar, eyni zamanda onların çəkiliş kameraları əllərindən alınıb. Kameranı geri qaytarmaq cəhdləri nəinki səmərə verməyib, üstəlikŞ media təmsilçiləri silahla hədələniblər. Azərbaycan Mətbuat Şurası məlum insidenti qətiyyətlə pisləyir. Qurum Fransa hakimiyyətini azərbaycanlı jurnalistlərin qanuni peşə borclarını yerinə yetirmələrinə aşkar müdaxilə faktına hüquqi qiymət verməyə, günahlarların tez bir zamanda tapılaraq məsuliyyətə cəlb edilməsi istiqamətində zəruri addımlar atmağa çağırır. Şura həmçinin Avropada və dünyada söz və ifadə azadlığının, media hüquqlarının qorunması sahəsində ixtisaslaşmış aparıcı təşkilatları da məsələni diqqətdə saxlamağa, həmrəylik nümayiş etdirməyə çağırır".

"Azərbaycan Mətbuat Şurası bildirir ki, AzTV əməkdaşlarına qarşı nalayiq rəftar fundamental insan hüquq və azadlıqlarının vacib tərkib hissəsi sayılan söz və ifadə azadlığına qarşı basqıdır, informasiya almaq hüququnun məhdudlaşdırılmasıdır. Hadisəni törədənlər mütləq qaydada məsuliyyətə cəlb olunmalıdır ki, oxşar neqativ hadisələr tendensiya şəklini almasın, gələcəkdə yenidən təkrarlanmasın", - bəyanatda vurğulanıb.

.