Dünya futbolunun iki qütbü hesab olunan – Messi və Ronaldunun hər ikisi ilə eyni komandada oynamaq çox futbolçuya nəsib olmayıb. Lakin Messinin PSJ-yə keçidindən sonra bu siyahı bir qədər də genişlənib.
Sports.ru-nun məlumatına görə, Keylor Navas, Əşrəf Hakimi, Danilo Pereyra və Serxio Ramos kimi futbolçular bu siyahıya yeni əlavə olunacaq.
Siyahını təqdim edirik:
Fernando Qaqo – argentinalı müdafiəçi üç il Madrid “Real”ında Kriştianu Ronaldu ilə birgə çıxış edib. O, həmdə millidə Messinin komanda yoldaşı olub.
Qabriel Haynts – karyerası ərzində “Real”da da çıxış edib. Lakin onun yolu Ronaldu ilə hələ “Mançester Yunayted”də olarkən kəsişib. Q.Haynts da Messi ilə Qaqo kimi millidə birgə çıxış edib.
Jerar Pike – futbolçunun Mançesterdəki karyerası uğurlu alınmasa da, Ronaldu ilə eyni komandada çıxış edib. 2008-ci ildə isə Pike “Barselona”ya transfer olunub.
Andre Qomeş – Andre Qomeş “Barsa”nın heyətində 46 oyunda üç qol vurub. O, həmçinin milli komandada Ronaldu ilə birlikdə çıxış edib.
Anhel di Mariya – 2014-cü ildə “Real”da Çempionlar Liqasını, 2021-ci ildə isə milli yığmanın tərkibində Amerika Kubokunun sahibi olub.
Karlos Teves – “Mançester”də Runi və Ronaldu ilə birlikdə komandanın uğurları naminə çalışıb. Futbolçu eyni zamanda Messi ilə iki dəfə Amerika Kubokunda finala çıxıb.
Paulo Dibala – uzun müddət milli komandada yoldaşı olan Messinin davamçısı adlandırılıb. O, həmçinin Kriştianu Ronaldu ilə A Seriyasında iki titul qazanıb.
Qonsalo Hiquain – Ronaldu ilə iki klubun (“Real” və “Yuventus”) heyətində birgə çıxış edib. Ulduz futbolçu həmçinin millidə Messinin komanda yoldaşı olub.
Henrik Larsson – 2006-cı ildə gənc Messi ilə birlikdə Çempionlar Liqasının qalibi olub. 2007-ci ildə isə Ronaldu ilə bir yerdə “Mançester Yunayted”in heyətində İngiltərə çempionu olub.
Nelson Semedu – portuqaliyalı sağ cinah müdafiəçisi Messi ilə La Liqada iki titul qazanıb. 2019-cu ildə isə Ronaldu ilə Millətlər Liqasının qalibi olub.
Esekil Qaray – iki mövsüm “kral klubu”nun heyətində olub. 2014-cü il Dünya çempionatında isə Argentina ilə finalda çıxış edib.
Deku – portuqaliyalı millidə Ronaldunun, “Barsa”da isə Messinin komanda yoldaşı olub.
Martin Kaseres – uruqvaylı futbolçu hər iki futbol dahisi ilə klub səviyyəsində bir çıxış etmiş çox az futbolçudan biridir. Kaseres “Barsa”da üç mövsüm (2008-2011) çıxış edib. Ronaldu ilə isə 2019-cu ildə “Yuventus”da komanda yoldaşı olub.
Miralem Pyaniç – bosniyalı da Paulo Dibala kimi Ronaldu ilə A Seriyasında iki titul qazanıb. O, daha sonra Messi ilə “Barsa”da çıxış edib.
Artur- braziliyalı “Barsa”nın heyətində iki mövsüm keçirib. Daha sonra “Yuventus”un yolunu tutub.
Fransişku Trinkau – gənc portuqaliyalı 2020-ci ildə “Barsa”ya keçib. Eyni ildə futbolçu Portuqaliya millisinin heyətində çıxış edib.
.