Argentina millisinin futbolçusu Lionel Messi dünya çempionatlarında yeni nailiyyətə imza atıb.

35 yaşlı hücumçu buna Qətərdə keçirilən mundialda Meksikanı 2:0 hesabı ilə məğlub etdikləri matçda müvəffəq olub.

Komandasının ilk qoluna imza atan təcrübəli forvard turnir tarixində cərimə meydançasının kənarından vurduğu qolların sayını dördə çatdırıb. Bu, 2006-cı ildəki yarışdan sonra ən yaxşı göstəricidir.

Messi İspaniya yığmasının sabiq hücumçusu David Vilya və Uruqvay millisinin keçmiş forvardı Dieqo Forlanı (hərəyə 3 dəfə) geridə qoyub.

Hazırda mütləq rekord braziliyalı Roberto Rivelinoya məxsusdur. 76 yaşlı sabiq yarımmüdafiəçi mundiallar tarixində beş dəfə cərimə meydançasının kənarından fərqlənə bilib.

.