Bu il Azərbaycan Televiziyasının (AzTV) 60 yaşı tamam olur. Ölkənin efir məkanında parlayan ilk ulduz kimi yaddaşlara yazılan milli televiziyamızda ilk diktorlar 1956-cı ilin mayında görünməyə başlayıblar. Tamara Gözəlova, Nailə Mehdibəyova, Sevda Qənizadə, Rəna Nəsirova, Aydın Qaradağlı, Gültəkin Cabbarlı Sima Xasıyeva, Nizami Məmmədov və başqaları "mavi ekran”da tamaşaçılarla ünsiyyət yaradıblar.
Sonradan televiziyada yeni diktorlar nəsli meydana gəlib. Roza Tağıyeva, Rafiq Hüseynov, Ofelya Sənani, Şərqiyyə Hüseynova, Sabir Ələsgərov, Hicran Hüseynov, Həqiqət Əsgərova, Natəvan Hacıyeva, Tamilla Ələkbərova, Gülşən Əkbərova, Davud Əhmədov kimi diktorlar yetişib.
Xoş gündə Yenizaman.az Xalq artisti, Ofeliya Sənanini söhbətə çəkib.
Onu da qeyd edək ki Ofeliya Sənani də milyonların ürəyini məhz səsi ilə ovsunlayanlardandır. Uzun illər Azərbaycan Dövlət Televiziyasında fəaliyyət göstərən Ofeliya xanım işindən bezməyib, peşə seçiminə görə bir an da olsun peşiman olmayıb. Milyonları öz ovsunlu səsininin sehrinə salmaqla həm özü xoşbəxt olub, həm də başqalarının zövqünü oxşayıb...
Mənimlə şərt kəsdi ki…
- Ofeliya xanım, diktorluq peşəsini seçməyiniz bir təsadüf idi, yoxsa zərurət?
- Yox, təsadüf olmayıb. Hələ orta məktəbin dördüncü sinfində oxuyarkən diktor olmaq həvəsi ilə alışıb-yanırdım. O zaman evimizdə köhnə bir radioqəbuledici vardı, orada verilişlərə qulaq asıb, özümü onlara bənzətmək istəyirdim. Eyni zamanda da, ingilis dili müəllimi olmaq arzusundaydım. Çünki ingilis dilini mükəmməl bilirdim. Hətta dördüncü sinifdə oxuyanda ingilis dilində kitabları mütaliə edirdim. 10-cu sinifdə oxuyanda eşitdim ki, radio üçün diktorluq müsabiqəsi elan olunub. Həmin vaxt məşhur diktor Fatma Cabbarova, Gültəkin Cabbarlı və Züleyxa Hacıyeva analıq məzuniyyətinə çıxdıqları üçün onların yerinə diktor axtarırdılar. Özümü sınamaq istədim. Amma televiziyada məni görən kimi dedilər ki, sən hələ məktəblisən, pioner şeypuru çalan vaxtındır. Onları məcbur etdim ki, səsimi dinləsinlər. Şeir söylədim, xəbər oxudum, bir dəfə də olsun çaşmadım. Televiziyanın o vaxtkı sədri Teymur Elçin mənə dedi ki, qızım, gözəl diksiyan var, amma diplomsuz səni işə götürə bilmərik. Onlara söz verdim ki, mütləq ali məktəbə qəbul olunacam. Təbii ki, planımı, niyyətimi də öyrənmək istədilər. Ancaq eşidəndə ki, Xarici Dillər İnstitutuna qəbul olunmaq istəyirəm, etiraz etdilər. Dedilər ki, ingilis dili müəlliməsi olsam, tələffüzümdə bu, hiss olunacaq. Şərt kəsdilər ki, ya Teatr İnstitutuna, ya da Universitetin Filologiya fakültəsinə qəbul olunmalıyam. Yoxsa diktor kimi işə götürməyəcəklər. Atam mühafizəkar adam idi, Teatr İnstitutuna qəbul olunmağıma razılıq verməzdi. Məcbur olub Filologiya fakültəsini seçdim. Sonradan radioda işə düzəldim. Düz 16 il radionun diktoru oldum.
Rəhbərlik buna görə məni kabinetə çağırdı
- Bəs televiziyaya nə vaxt keçdiniz?
- Əslində, televiziyaya keçmək istəmirdim. Amma televiziyanın rəhbərliyi mənə deyirdi ki, nə vaxta qədər qaranlıqda oturacaqsan, gəl çıx efirə. Televiziyaya yenicə təyin olunan Qurban Yusifzadənin dəvəti ilə Rafiq Hüseynovla bir vaxtda radiodan televiziyaya keçdik.
- İlk verilişiniz hansı oldu?
- Uşaqlara aid veriliş idi. Efirə çıxan günün səhəri insanlar məni sevinclə, məftunluqla qarşıladı. Sonradan "Günün ekranı” xəbərlər proqramına dəvət aldım. Uzun illər xəbər oxudum. Bu işdən xüsusi zövq alırdım.
- Diktorluq fəaliyyəti dövründə tamaşaçınıza verdiyiniz ən acı və ən xoş xəbər hansı olub?
- Məhsul bayramlarında hansı rayon planı artıqlamasıyla doldururdusa, o xəbəri sevinclə söyləyirdim. Bir də fəxri adların elan olunması şad xəbər sayılırdı. O vaxt fəxri adlar Moskva rəhbərliyi tərəfindən verilirdi axı. Acı xəbərlər, əsasən, ölümlə əlaqədar olub. Hansısa tanınmış şəxsiyyətin ölüm xəbərindən sarsıldığım vaxtlar olub. 1990-cı illərdə xalqımızın başına gətirilən oyun məni sarsıtmışdı və həmin vaxt xəbərləri hıçqıra-hıçqıra oxuyurdum. Buna görə rəhbərlik məni kabinetə çağırıb danlamışdı da.
- Nə demişdi?
- Dedi ki, belə vəziyyətdə xəbər oxumaq olmaz, efirə xəstə insanlar da baxır, onların ürəyi partlaya bilər.
Həyəcanla soruşdu ki, Ofa, bu paltarda səhnəyə çıxacaqsan?
- Heç xəstə vəziyyətdə efirə çıxdığınız vaxtlar olub?
- O qədər… 200 təzyiqlə xəbərlər oxumuşam. Bir dəfə vəziyyətim çox pis idi, efirdən qabaq həmkarım Sabir Ələsgərliyə dedim ki, halım pisdir, gözün mətnimdə olsun, çaşsam, sətirlər nəzərimdən qaçsa, tez sən oxu, vəziyyətdən çıxım. Həmin gün Sabirin boynu əyri qalmışdı, qorxurdu ki, başıma bir iş gələr, efirdə biabır olarıq.
- Amma olmadı?
- Yox, çünki məndə peşəyə o qədər böyük sevgi vardı ki, efirə çıxan kimi xəstəliyimi unudurdum, yaxşılaşırdım.
- Deyilənə görə, o vaxtlar qadağalar çox olub?
- Düzdür. Əynimizə nə gəldi, geyinib efirə çıxa bilməzdik. Mütləq uzunqol pencəkdə, sadə saç düzümündə olmalıydıq. Xəbər aparıcısının üzük, sırğa taxmağa ixtiyarı yox idi. Nekroloq oxuyanda səs intonasiyamız mütləq dəyişməliydi.
- Heç olubmu ki, xoşladığnız bir paltarı geyinib efirə çıxmaq istəyəsiniz, amma buna görə danlanasınız?
- Adətən, xəbərləri oxuyurdum. Bir dəfə rəhbərlik təcili xəbər göndərdi ki, Filarmoniyada konsertin aparıcılığını etməlisən. Həmin axşam həm də "Günün ekranı” poqramına çıxmalıydım. Dedim ki, Filarmoniyaya getmək istəmirəm, icazə verin xəbərlərimi oxuyum. Qəti şəkildə etiraz etdilər və evə qayıdıb əynimi dəyişərək Filarmoniyaya getdim. Ansamblın rəhbəri Gülarə Əliyeva məni qısaqol geyimdə görəndə həyəcanla soruşdu ki, Ofa, bu paltarda səhnəyə çıxacaqsan? Həyəcanla əlavə etdi ki, geyimimi mütləq dəyişməliyəm. O vaxta qədər elə bilirdim ki, efirdən kənarda necə istəsəm, geyinmək olar. Konsertdə ulu öndər Heydər Əliyev də iştirak edəcəkmiş. Tez həyat yoldaşım Valid evə gedib mənə başqa paltar gətirdi və geyinib səhnəyə çıxdım. Sonradan öyrəndim ki, tədbirə məni ulu öndərin tapşırığı ilə aparıcı göndəriblər.
- Ən çox hansı kişi həmkarınızla veriliş aparmaq istəmisiniz?
- Əslində, bunu rəhbərlik müəyyən edirdi. Amma bütün həmkarlarımla işləməkdən zövq almışam. "Günün ekranı”nı daha çox Rafiq Hüseynov və Sabir Ələsgərli ilə aparmışam.
Buna görə verilişə çıxmaqdan imtina edirdim
- Heç o vaxtlar xanım diktorlar arasında qalmaqal, inciklik yaşanırdı?
- Yox, biz çox mehriban idik. Bu gün də münasibətimiz yaxşıdır.
- O vaxt verilişlərdə mətni əzbərləyirdiniz?
- Bəli, bu, mütləq idi. Amma diktorluq fəaliyyətimin son illərində zehnim korşalmışdı, həvəssiz idim. Buna görə bəzən hətta verilişə çıxmaqdan imtina edirdim.
- Televiziya üçün qəribsəmisiniz?
- Çox darıxmışam. Hətta dəvət də edirlər, amma imtina edirəm.
- Niyə?
- Çünki artıq yaş o yaş deyil. Əvvəlki şux yeriş, qamət, o gözəllik qalmayıb. İstəyirəm yaddaşlarda əvvəlki gənc, gözəl Ofeliya kimi qalım.
- Siz elə indi də gözəlsiniz. Səsiniz də sehrini itirməyib.
- Sağ olun ki, məni belə görürsünüz.
- İndiki aparıcılarla bağlı nə deyə bilərsiz?
- Çox vaxt verilişlərə baxmıram, baxanda da çarəsizlikdən baxıram. Çünki bəzi aparıcıların diksiyası, ədası, bayağı danışıq tərzi məni qıcıqlandırır. Aparıcı ləhcə ilə danışanda sanki məni qılınclayırlar. Bu bir yana qalsın, özlərini də efirə uyğun apara bilmirlər.
- Bəyəndiyiniz xəbər aparıcılarından kimlərin adını çəkərdiz?
- ATV-nin xəbər aparıcılarının peşəkarlığı xoşuma gəlir. İTV-nin də aparıcıları seçilir. Amma adlarını çəkə bilməyəcəm, çünki adlarını yadımda saxlaya bilmirəm. Qalan telekanalların aparıcıları isə məni qane etmir.