"Satıcıları düşünən olmadı; Bəziləri bank borclarını ödəyə bilmədiyi üçün müflis oldu; Bazarı - çörək yerimizi sökdülər; Bura bazar yox, xəstəlik mənbəyi idi"
Binəqədi rayonu Abay Kunanbayev küçəsində yerləşən "Bolluq bazarı” artıq yoxdur. Yerlə-yeksan edilən bazardan geridə qalan xarabalıqdır.
May ayında bağlanan bazar bir müddət sonra sökülməyə başlanılıb. Bazarda işləyən satıcıların vəziyyəti isə nəzərə alınmayıb. Onların əksəriyyəti bu söküntüdən narazıdır. Çünki işsiz qalıblar. Onları yeni bir iş yeri ilə təmin edən isə olmayıb.
Hazırda "Bolluq bazarı”nın sadəcə, adı qalıb. Sökülən bazarın yerində isə çoxmərtəbəli yaşayış binası tikiləcək. Bu haqda sökülmüş bazarın qarşısına vurulmuş reklam lövhəsində də yazılıb. Lövhədə bildirilir ki, bina "Bolluq” İK tərəfindən inşa olunacaq. Reklam lövhəsindəki foto və yazılardan belə aydın olur ki, "Bolluq” bazarının yerində 3 yaşayış binası inşa olunacaq.
Vaxtı ilə "Bolluq bazarı”nda işləyən satıcıların bir qismi yaxınlıqdakı "Aran" ticarət mərkəzinə köçüblər.
Onların sözlərinə görə, indi çalışdıqları yerdə alver çox zəifdir: "Bolluq bazarı”nda vəziyyət çox yaxşı idi. Alıcı yetərincə gəlirdi, biz də normal çalışırdıq. Oranı sökdülər, bazardakı satıcılar isə işsiz qaldılar. Bəziləri bank borclarını ödəyə bilmədiyi üçün müflis oldular. Yerdə qalanlardan bəziləri bizim kimi hansısa bazarda, ticarət mərkəzində yer götürüb, işləyirlər. Amma alver yoxdur.
Yalandan hər gün dayanırıq burda, söhbət edirik, gedirik. Bizim satdığımız mallar əsasən, inşaat materiallarıdır. Manat düşəndən sonra ölkədə tikinti durğunluğu var. Üstəlik, qiymətlərin qalxması, ikiqat zərbədir. Alıcı qıtlığı çəkirik".
Satıcıların sözlərinə görə, icarə haqlarını ödəməkdə belə, çətinlik çəkirlər: "Mən uzun illərdir ki, alverlə məşğulam. Başqa bir iş də bacarmıram. Bazarı - çörək yerimizi sökdülər. İndi vəziyyətimiz çox pisdir. İcarə pulunu güclə ödəyirik, bəzən verə bilmirik. Bazar əgər pis idisə, təmir edəydilər. Amma yox, sökdülər, yerində də bina tikəcəklər. Bizi düşünən olmadı. Buraya da özümüz köçmüşük. Bizə onların heç bir faydası dəyməyib".
Əraziyə yaxın yerdə yaşayan sakinlərlə də söhbətləşdik. Tamilla Səfərəliyeva deyir ki, bazarın sökülməsini müsbət qarşılayır: "Məncə bazarın sökülməsi çox yaxşı olub. Çünki bura bazar yox, xəstəlik mənbəyi idi. Nəzarət edən olmadığı üçün bazar yaman günə qalmışdı. Satıcıların heç nə veclərinə deyildi. Xarab olan pomidor, xiyar, balıq, pendir hamısı yerlərdə olurdu. Mən yaxında yaşamağıma baxmayaraq, buradan bazarlıq etmirdim. Bir xeyli uzaqda olan marketə, bazara gedirdim, oradan evimə ərzaq alırdım. Amma bir məsələ də var ki, buranın yerində yaşayış binası tikmək istəyirlər. Bir bina olsa, qorxusu yoxdur. Amma ikincini də tiksələr, bizim üçün çox pis olacaq. Həyət evlərinin qabağını kəsəcəklər".
Sökülən bazarın yaxınlığındakı dükanın sahibi olan Azər adlı şəxsin sözlərinə görə, həmin ticarət obyektinin bağlanması onların da alverinə təsir edib: "Bazar burada olanda camaat gəlirdi, evinə ərzaq almağa... Onların sayəsində biz də bir az çörək pulu qazanırdıq. İndi yaman gündəyik. Təkcə mən belə deyiləm, yaxınlıqdakı hamı eyni gündədir. Manat "öldükdən” sonra isə alıcı ümumiyyətlə, yoxdur. İki aydır ki, icarə pulunu verə bilmirəm".
musavat.com

.