"Rusiya Suriyada ABŞ-ı "duzlamaq” istəyir”.

"Röyters” agentliyi xəbər verir ki, bunu ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Mayk Pompeo deyib.
Koloradoda təhlükəsizlik üzrə forumda çıxış edən Pompeonun sözlərinə görə, Rusiya Suriyanın işlərinə "Amerikanı duzlamaq” üçün cəlb edilib. O qeyd edib ki, Ağ Evin indiki administrasiyası Moskvaya qarşı ölkənin əvvəlki rəhbərliyi ilə müqayisədə daha sərtdir.
"Onlar bizim həyatımızı çətinləşdirə biləcək istənilən yerləri tapmaq istəyirlər”, - Pompeo deyib.
İdarənin başçısı terrorizmlə mübarizədə Rusiya-Amerika əməkdaşlığının inkişafına ümid etdiyini bildirib. Amma o, Suriyada Moskvanın əsas hədəfinin İŞİD-lə mübarizə olduğuna şübhə etdiyini dilə gətirib. MKİ direktoru Rusiyanın İŞİD-lə mübarizədə töhfəsini "minimal” adlandırıb.
Pompeo əmindir ki, Moskva ABŞ-dakı prezident seçkilərinə müdaxilə edib.
.