Azərbaycan Mərkəzi Bankı (AMB) ölkədə lisenziyası olmayan xarici investisiya platformalarının xidmətlərindən istifadə ilə bağlı vətəndaşlara xəbərdarlıq edib.
Bu barədə Mərkəzi Bankın məlumatında bildirilib.
Qeyd olunub ki, AMB tərəfindən aparılan monitorinqlər zamanı bəzi xarici investisiya platformalarının Azərbaycanda internet resursları, sosial media, təlim proqramları, seminarlar və digər marketinq vasitələri ilə təşviq edildiyi, ölkə rezidentlərinin həmin platformalara cəlb olunduğu müəyyənləşdirilib.
Mərkəzi Bank vurğulayıb ki, xarici ölkələrin tənzimləyici qurumları tərəfindən verilmiş lisenziyanın olması həmin platformaya Azərbaycan ərazisində investisiya xidmətləri göstərmək və ya bu xidmətləri təşviq etmək hüququ vermir.
Qanunvericiliyə əsasən, Azərbaycanda investisiya xidmətlərinin göstərilməsi yalnız Mərkəzi Bankın verdiyi müvafiq lisenziya əsasında mümkündür.
AMB vətəndaşlara hər hansı investisiya xidmətindən istifadə etməzdən əvvəl xidmət təminatçısının Azərbaycanda fəaliyyət göstərmək üçün lisenziyasının olub-olmadığını yoxlamağı tövsiyə edib.
Mərkəzi Bank investor hüquqlarının qorunması məqsədilə vətəndaşlara investisiyalarını yalnız AMB tərəfindən investisiya şirkəti lisenziyası verilmiş şəxslərə etibar etməyi tövsiyə edib.
Lisenziyalaşdırılmış investisiya şirkətlərinin siyahısı Mərkəzi Bankın rəsmi internet səhifəsində yerləşdirilib.
.
