.... Bizim zamanımız başqa zaman idi.... Bizim zamanın gəncləri gözəl şairləri, gözəl şeirləri sevirdilər. Ədəbi birliklərdə yığılıb gözəl şeirləri, yazıları müzakirə edirdilər. O zamanın gənclərinin mənəviyyatı daha zəngin idi. O zamanın gəncləri Füzulini, Hüseyn Cavidi, Mikayıl Müşviqi, Cabir Novruzu, Nəriman Həsənzadəni, Sabir Rüstəmxanlını, Nüsrət Kəsəmənlini oxuyurdular. Təkcə oxumurdular, əzbərləyirdilər. Bir-birilə şeirlə danışırdılar... Bu zövqu klassiklərdən almışdılar, daha sonra həmin zövqü onlara daha da özününküləşdirən 1970-80-ci illərin şairləri olmuşdu. Onlardan biri haqqında ... bütün sevəınlərin, bütün zamanların müasiri olan ölməz şair Nüsrət Kəsəmənli haqqında yazmaq, bəlkə də danışmaq istəyirəm....
Nüsrət Kəsəmənli adlı gənc şair Azərbaycan ədəbiyyatında parlayanda mən doqquzuncu sinifdə oxuyurdum. 1979-cu uilin yazı idi. Gənc şairin "Özümə Bənzədiyim Günlər” adlı üçüncü şeir kitabı işıq üzü görmüşdü. Sumqayıt kitab mağazalarının daimi müştərisi olan bəndənizi kitab satan qız görən kimi dedi: "Qəşəng kitabdır, oxu, mənə "sağ ol”- deyəcəksən”.
Kitabı evə gətirib oxudum, nə oxudum.... Gözlərimə yuxu getdimi, gənc bir qızın yuxusunu gözündən qaçırdı "Özümə bənzədiyim günlər”. Səhər açılanda isə məktəbdə ilk tənəffüs zəngində qızlarımızı başıma yığıb Nüsrət Kəsəmənlinin şeirlərini oxudum. Qarşıdan gələn dərsdə qızlarımız kitabdan bəyəndikləri şeirləri gündəliklərinə köçürürdülər. Bütün dərslər unudulmuşdu, hər kəsin beynində gənc şair Nüsrət Kəsəmənlinin şeirləri var idi...
... Məktəbi bitirdim. Mən böydükcə Nüsrət Kəsəmənlinin şeir və kitabları çoxalırdı. Əl çantamda həmişə özümlə gəzdirdiyim kitablardakı şeirləri əzbərdən bilsəm də, Sumqayıt-Bakı-Sumqayıt marşrutunda ancaq Nüsrət Kəsəmənlinin kitablarını oxuyurdum. Bu illər ərzində iki dəfə universitetin jurnalistika və filologiya fakultələrinə imtahanlar verib, məqbul qiymətlər alsam da, süni yaradılan çətinliklər üzündən müsabiqədən keçə bilmirdim. Qəbul imtahanlarının birində isə abituriyentlərə verilən inşa mövzusunun içərisindən sərbəst mövzunu seçib, Nüsrət Kəsəmənlinin yaradıcılığından yazmışdım. Qələmləri "Əbülfəz Abbasın qılıncından” da iti olan universitet müəllimləri, insafla davranıb, bu inşamı "4” qiyməti ilə qiymətləndirmişdilər.
... Bu gün altmış beş yaşı tamam olan, hələ də sevənlərinin, sevdiklərinin, etibarlı dostlarının yaddaşında yaşayan bütün zamanların sevgi şairi Nüsrət Kəsəmənli hər kəsin fikirləşdiyini, bildiyini, keçirdiyi iztirabı elə obrazlı, elə poetik qələmə alırdı ki, onu oxuyan insan dünyasından olurdu, hətta şeirdən başı çıxmayanlar belə, onun şeirlərində nəsə tapıb, dinləyirdilər. Onun poeziya gecələri, televiziya verilişlərindəki çıxışları hər birimiz üçün bayram olurdu. Nüsrət Kəsəmənlinin fanatları onun Azərbaycan Televiziyasındakı "Dünyaya pəncərə” verilişlini həsrətlə gözləyirdilər. Sumayıt şəhəri gənclər Komitəsinin təşkilatçılığı ilə keçirilən şeir və poeziya gecələrinin təşkilində istedadlı şair Əşrəf Veysəlli bir qayda olaraq məni təşkilatçılıq işlərinə cəlb edirdi... Həmin poeziya gecələrində, ədəbi gecələrdə qonaq olan şairlərin içərisində alqışların çoxu Nüsrət Kəsəmənlinin payına düşürdü. Neyləyirdi ki, bu gənc şair?!
... Sadəcə, başına gələnləri yazdıqları şeirlərində tamaşaçılarına, oxucularına çox səmimi şəkildə nəql edirdi. Sual verirdilər: "İlk sevgi şeirini nə zaman yazdınız?”. Cavabı bir dünya gülüş doğururdu zalda: "Mən ilk sevgi şeirimi Kəsəmən kəndinə ezam olunmuş rus dili müəlliməmə yazmışam. Mənə elə gəlirdi ki, dünyada ən çox sevdiyim insan odur. Görəndə nitqim quruyur, dilim-dodağım əsirdi...”. Sonra da gəncliyindən danışırdı, keşməkeşli həyatından, ata-ana həsrətindən danışırdı. "Biri vardı, biri yox” şeirini oxuyub, taleyinin nağılını belə nəql edirdi:
"Olan olub, keçən-keçib, bəlkə də,
İndi daha kövrəlməyin yeri yox.
Əzəl gündən belə gəlib mənimki,
Əvvəlindən biri vardı, biri yox.
Üzüm güldü tələbəyəm deyəndə,
Sııxılırdım dost pencəyi geyəndə.
Müəllimlə dil tapa bilməyəndə,
Qiymətimin biri vardı, biri yox.”.
Və yaxud da:
Ata ana həsrətlilərini için-için ağladırdı, deyəndə ki:
"Ayrı yaşayırlar atamla-anam,
Bir təzad ömr edir bu kainatda,
Onlara həm doğma, həm də ki yadam,
Göz açıb nənəmi gördüm həyatda.
Beşiyim başında layla yananda,
Bayatı hicranın dilində qaldı.
Ürəyim bir ata-ana yanında,
Əllərim, nənəmin əlində qaldı.
Böyüdüm, illəri mən çata-çata,
Sevincim bir yana, qəm bir yanadır.
Anamın sahibi bir ögey ata,
Atamın sahibi—ögey anadır.
Söhbət açırsınız xatirələrdən,
Xatirə su deyil, içmək olmayır.
Siz sahil, körpüyəm sahillərə mən.
Araz körpüsüyəm, keçmək olmayır.
Ürəkmiş həsrətdən alışan, yanan,
Nə bilim dünyada, eh.... nələr varmış?!...
Atalar, analar səhv edən zaman,
Yaxşı ki, dünyada nənələr varmış.”
Gənclərə "... ondan uzaq gəzən əmi dayı-bibilərindən, dara düşdüyü günlərindən, qırdığı ürəklərdən, verdiyi sevgi vədlərindən” şeir oxuyurdu. Nüsrət Kəsəmənli üçün çalınan alqış sədaları kəsilmirdi, ona verilən vaxt, limit bitsə də şairi yenə səhnəyə çağırırdlar. Tamaşaçıları həm də gözəl natıqliyi və qiraəti ilə ələ ala bilən şair bu dəfə "Öğru olmaq istəyirəm” şerini oxuyurdu.
Qoy milislər eşitməsin,
Qorxulu bir sirr deyirəm:
Çoxdandır ki, bir arzum var,
Oğru olmaq istəyirəm!...
İnsanların arasından
Əqidəsiz adamları,
Vicdanını pula satan
Nadanları
Oğurlamaq istəyirəm!
Bu torpağın gündən - günə,
Niyə artır dərdi - səri...
Dövlətlərin arasından
Sərhədləri
Oğurlamaq istəyirəm!
Axı nə iş görmüşəm ki,
Oğurluq da işdi barı.
Mən anamın sifətinə,
Vaxtsız düşmüş qırışları
Oğurlamaq istəyirəm!...
Birisini yıxmaq üçün,
İkisinin ülfətini,
İnsanların ürəyindən
Hər kinini, nifrətini,
Yalanını bundan ona,
Ondan buna satanları,
İki sevən arasında
O üçüncü adamları
Oğurlamaq istəyirəm!
Araz axır ...
O taydan da insan baxır,
Bu taydan da insan baxır,
Neçə milyon gözüyaşlı əzizimi,
O həsrətli Təbrizimi
Oğurlamaq istəyirəm!
İndi neçə dövlətlərdən
Məzlumların ah - zarını,
Yad torpaqda yatıb qalan,
Əsrlərin arxasından
Qollarını çatıb qalan
Kərbəladan Fizulinin,
Hələbdənsə Nəsiminin
Məzarını--
Oğurlamaq istəyirəm.
Nə gizlədək,
Bilir hamı
Tonqal çatıb yandırırlar
Bu cahanı.
Qəlbim deyir:
Bir Azəri məsəlini
yadına sal:
"Oğrudan oğruya halal!...”
Prometey oğurlayıb
İnsanlara verən odu
Oğurlamaq istəyirəm!
Lap qəzəbi tutsa belə
Yerin mənə, göyün mənə
Nə deyirsiz deyin mənə
Oğru olmaq istəyirəm!!!
Oğru olmaq istəyimlə,
Doğru olmaq istəyirəm!!!”
Sovet rejiminin tüğyan etdiyi bir vaxtda azəri gəncləri arasında bu şier fırtına deyildimi? Bu şeir çağırış deyildimi?! Yaşadığı zamanın, dünyanın əyri mizan- tərəzisinə etiraz bundan artıq necə olmalıydı ki?! Bu şeirdən sonra tamaşaçı alqışları tükənmək bilmirdi axı! Şair yenə oxuyurdu... Bilə-bilə ki, ürəkləri dağlayır, damarlarda qanı cöşdurur, yenə oxuyurdu. Deyirdi ki:
Dünən toyun idi, xöşbəxt olasan,
Görünür bu bizə qismət deyilmiş,
Unut!
elə bil ki, sevdiyin oğlan
getdiyin oğlanmış,
Nüsrət deyilmiş”....
... Neçə ağlamayaydı sevgisi daşa dəyənlər, neçə kövrəlməyəydi qəlbdən sevənlər...
Nüsrət Kəsəmənli köksünü sevgilərə açan şair idi. Nüsrət Kəsəmənli təpədən dırnağa məhəbbət idi. O, adi yasəmən ağaçını oxşayanda da, sevgisinın yasəmən ətri duyulurdu:
"O gözələ verəcəkdim səni mən,
Əllərində görəcəkdim səni mən.
Saçlarına hörəcəkdim səni mən,
Sən solduqca batmırammı yasa mən?!
Bəlkə gəldi, hələ solma yasəmən”.
Vəfasız sevgilisindən inciyib, "Yandır məktublarımı”- dedi.
İlk sevgisi daşa dəyənlərə:
"Sən demə təzədən sevmək olarmış,
Tale də təzədən üzə gülərmiş,
Küsüb gözü yaşlı gedən məhəbbət,
Peşiman-peşiman dönə bilərmiş.
Mən ki, görməmişəm sevgini susan,
Məhəbbət zirvədə bəslənən qarmış.
Kim deyir, bir dəfə sevilir insan,
Sən demə, hər zaman sevmək olarmış...” - deyə sevənlərə təsəlli də verirdi.
Bir də ki,
Əllərin əlimə dəyməyədi kaş
Saçların üzümə toxunmayaydı,
Gərək əvvəlki tək sən ürəyi daş,
Elə əvvəlki tək saymaz olaydın...
Bu istilik hardan, sən ki, buz idin,
Qəlbimdən sən niyə ovcuma düşdün
Sən mənə əlçatmaz bir ulduz idin,
Göylərdən qolumun üstünə düşdün...”
Sevgi şeiri yaza-yaza, başqa gözəllərin qəlbini ovsunlayırdı. Şairi kim sevmir ki, o ki ola, qulaqları ilə sevən qadınlar, qızlar... Hərəsinə bir sevgi şeiri pay verirdi. Hər şeirdə keçilməz, aşılmaz dünya dolusu, qucaq dolusu məhəbbət var idi... Allah-allah.... bu məhəbbətlərin, sevgi şeirlərinin bitməzliyindən, pərdəarxası söz söhbətlərindən, gizlin və aşkar olan görüşlərindən, başının tacı, övladlarıının anası olan xanımı, Rəhilə xanım narahat olmurdu?!
Olsa belə üzə vurmurdu, bunu şair özü "Etiraf” şerində etiraf edirdi. Çünki Rəhilə ana bilirdi ki, həyat yoldaşının yükü ilahidən gəlib, o sevgilər olmasa, o şair də olmazdı axı.... Xanım Rəhilə xanımlığını saxlayırdı, bilirdi ki, əsil şair sevməsə yaşaya bilməz. Nüsrət Kəsəmənli isə evindən arxayın idi. Bilirdi ki, evində topdağıtmaz qalası var, ona sadıq olan Rəşadın və Arazın sarı saçlı anası var:
Fikirli gəlirəm, yorğun gəlirəm,
Qayğılı gözlərin çəkir şəklimi.
Bəzən gec gəlirəm, yorğun gəlirəm,
Bitirsən qapımda bənövşə kimi...
Bəlkə min suçumu bilmisən mənim,
Birini üzümə vurmamısan hec.
Eyhamla üzümə gülmüsən mənim,
Bircə yol üzümə durmamısan hec.
Sənsən dağlar kimi səbrlə dözən,
Bəlkə tərəddüdlə çox döyüşmüsən.
İsti bir sevgidən yazmışam bəzən,
Soyumuş çayımı sən dəyişmisən...
Bu elə duyğu ki, bu elə qəm ki,
Dağ ola yenə də əyməzdi səni.
Bəzən eləsinə dəyişmişəm ki,
Bircə dırnağına dəyməzdi səni...”....
Bu böyük bir şairin böyük etirafı idi. Bu etirafın qarşısında kim bağışlamaz ki.... Bu sevgi şeirlərinin yaranması üçün şairin soyuq çayını istilədən xanım, bir Sevdanın da məhəbbətindən xəbərdar idi. Deyilənlərə görə şairin yaradıcılıq otağında həmin Sevdanın şəkli də asılıbmış. Bir ocağı qoruyan şairin xanımı, o şəklin tozunu da sevə-sevə alırdı. Elə bil ki, şairin sevdiklərini, sevənlərini incitməkdən qorxurdu. Nüsrət Kəsəmənli görün bir "Bir sevda ağlayır ...” şerində nə deyir?!
Gəl dedim, köksümə yaralı düşdü,
Əl açdım, əllərim aralı düşdü,
Ona bu ağ dünya qaralı düşdü,
Bir sevda ağlayır içimdə mənim.
Qədri bilinmədi, ömrü qırıldı,
Həsrət boyun bükdü, hicran yoruldu,
O hər gün incidi, hər gün vuruldu,
Bir sevda ağlayır içimdə mənim.
Min gül solduranlar min gül dərdilər,
Yüngül çiçəkləri yüngül dərdilər,
Mən ürək açanda baxıb gördülər,
Bir sevda ağlayır içimdə mənim.
Dünənin bükülü xatirəsinə,
Vurğundur bu günü xatirəsinə,
Qısılıb mürgülü xatırəsinə,
Bir sevda ağlayır içimdə mənim...
Mənəm daş daşıyan o məhəbbətə,
İtmiş qaş-daşıyam o məhəbbətə,
Özüm başdaşıyam o məhəbbətə
Bir sevda ağlayır içimdə mənim.
Gec oldu qədrini mən biləndə də,
Sevinci yaşayıb, qəm böləndə də,
Üzümə baxmayın, mən güləndə də
Bir sevda ağlayır içimdə mənim...”
Nüsrət Kəsəmənli Vətənpərvər şair idi. Azərbaycanda başlanan Azadlıq hərəkatının ilk vaxtlarında bu hərəkatı yaradanlardan və önündə gedənlərdən oldu. Sonra baxıb gördü ki, siyasət ikiüzlü oyundu. Baxıb gördü ki, onun içərisində qan var, yalan var, böhtan var, əyilmək var... elə ayrıldı ki, izi də qalmasın... Çünki nə yalanı var idi, nə böhtanı, nə də əyilməyəcəkdi.
Özünün dediyi kimi:
Həqiqətə pəncərə şüşəsiyəm,
Qəlpələnsəm min yerə düşəsiyəm.
Sındıranın gözünü deşəsiyəm,
Sındırmağa çalışmayın siz məni.
Təkcə sevgi önündə baş əydi, Vətəninin bütövlüyünü istədi. Vətən həsrti çəkənlərin ağrısını "Torpaq haqqında nəğmə ” şerində elə yazdı ki, vətən həsrəti çəkənlərin həsrətini heç Arazın suları da söndürmədi. Mən də öz payıma düşən yerdən, ölməz şairimizi təbliğ etmək, onun arzu və istəklərini dünya azərbaycanlılarına çatdırmaq üçün dünyanın bir çox şəhərlərində diasporumuzun üzvləri ilə olan görüşlərdə, qərib toylarında, məclislərində daim bu şeri oxudum:
Vətən bir budaqdır,
yaşıl bir budaq,
Ümiddən asılı yarpağam, mən də,
Ayağım altında çırpınır torpaq,
Yeriyən,
Düşünən torpağam mən də...
Qəriblik qəlbimi sıxsa hardasa
Yalnız Vətən olar,
Vətən dərmanım.
İlhamın qanadı buludlardasa
Vətən torpağında köküm var mənim.
Adı itib-batar adlar içində,
Vətənsiz olana
Nə şöhrət, nə tac?
Qəriblər ölərlər yadlar içində,
Ölərlər, bir ovuc torpağa möhtac...
Qərib həsrətinin yuxusu dərin,
Torpağı oyanmaz.
Daşı oyanmaz.
Yolu sərhədlərdə dayananların
Axar,
gözlərinin yaşı dayanmaz.
Dəyər məftillərə, qırılar səsi,
Gah bayatı deyər,
Gah ağı deyər.
Vətənsiz olana bu Yer kürəsi
Vətənin bir ovuc torpağı deyil.
Torpağın köksündə baba ocağı,
Torpaqda buğlanan istini duyun.
Çörəktək öpürəm mən bu torpağı.
Öləndə
Gözümün üstünə qoyun!..
Nüsrət Kəsəmənlinin Vətən, torpaq haqqında yazdığı şeirləri oxuyanda isə düşünürsən ki, elə vətən sevgisini də onun kimi hər kəs etiraf edə bilməyib... Bir ovuc torpaq olub Vətəninin torpağını artırmağı arzulayırdı. Son şeirlərində insanlardan, dost dediklərindən xəyanət görəndə diz çöküb Allahdan bir istək dilədi:
Diz çökub qarşında dua edirəm.
Ucalardan uca bilirəm səni.
Saxla öz yanında ruhumu, Allah,
Bir də bu dünyaya gətirmə məni.
Bu yalan dünyanın tərs aynası var,
Sevincə bənzəyən cox bəlası var .
Təkrar görməyimin nə mənasi var?
Bir də bu dünyaya gətirmə məni.
Gördum bu dunyani, quru qəfəsdir,
Sən bizə verdiyin ibrətli dərsdir.
Bir dəfə pesiman olmusam,
Bəsdir!
Bir də bu dünyaya gətirmə məni”.
Niyə bu qədər peşiman idi, şeirlərindən bulaq suyunu dadı, dağ kəklikotusunun ətri gələn şair?! Çünki "içindən qəm ilməl, əriş, arxac keçmişdi bu dünya, sevinc yarıtox gəlib, qəm yarıac köçmüşdü, isti göz yaşlarını bir ehtiyac içimişdi.- bu ağrılarını da oxucusundan gizlətməmişdi. Nəyi var idisə, oxucusuna mərhəm idi. Qəlbinin qapıları da, həmişə yalqıza, yazığa kömək etmək üçün uzanan əlləri də açıq idi.
Bir zamanlar "Mənim bu şəhərdə kimim var axı?!” – deyən şair, şəhərə gəldiyi, ilk şeirləri çap olunduğu gündən sonra bütün azərbaycanlı şeirsevərlərinin, gənclərinin dostu, şeir həmdəmi oldu. İndi o şairin 70 yaşı tamam olur. Ad günün mübarək, şeirlərindən həmişə yasəmən ətri gələn Nüsrət Kəsəmənli.
Aida Eyvazlı
.