Bu gün Belarusun paytaxtı Minskdə Avropa İttifaqının (Aİ) "Şərq tərəfdaşlığı” təşəbbüsünə daxil olan ölkələrin xarici işlər nazirlərinin 5-ci qeyri-formal toplantısı başlayıb.
Toplantı "Şərq tərəfdaşlığı” təşəbbüsünə dair may ayında Riqada keçirilmiş sammitin nəticələrini müzakirə etmək üçün çağırılıb.
Virtualaz.org saytı Belarus KİV-lərinə istinadən xəbər verir ki, nazirlərin qeyri-formal toplantısında Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov iştirak etmir. Bakını toplantıda xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev təmsil edir. Ermənistan isə xarici işlər naziri Edvard Nalbəndyanla təmsil olunur.
Xatırladaq ki, Riqa sammitində Azərbaycan prezidenti İlham Əliyev iştirak etməmişdi. Bu, rəsmi Bakının "Şərq tərəfdaşlığı” təşəbbüsünə marağının zəifləməsindən xəbər verir.
Minsk toplantısını açan Belarus xarici işlər naziri Vladimir Makey bildirib ki, Avropa İttifaqının "Şərq tərəfdaşlığı”ına qoşulan ölkələrə münasibətdə diferensiyalı yanaşması əsas prioritet olmalıdır.
"Riqa sammiti göstərdi ki, Aİ və tərəfdaş ölkələr bu təşəbbüsü saxlamaq və inkişaf etmək istəyirlər. Eyni zamanda sammit bizim regionun qarşılaşdığı çağırışlara münasibətdə yanaşmaların fərqli olduğunu da üzə çıxardı”- deyə Makey bildirib.
"Belarus həmişə bu ideyanın tərəfdarı olub ki, Şərq tərəfdaşlığını güclü biznes-komponentli praqmatik təşəbbüsə çevirmək lazımdır”- deyə Belarus xarici işlər naziri əlavə edib.
Avropa İttifaqının qonşuluq siyasəti və genişlənmə məsələləri üzrə komissarı Yohannes Han isə deyib ki, Aİ tam inteqrasiyaya can atmayan və assosiasiya sazişi imzalamaq istəməyən ölkələrin seçiminə hörmət edir.
