Fövqəladə Hallar Nazirliyi Abşeron rayonu, Məmmədli kəndində yeddimərtəbəli yaşayış binasında baş vermiş yanğın barədə məlumat yayıb.

FHN-dən verilən məlumata görə, yanğın nəticəsində binanın birinci mərtəbəsində yerləşən vətəndaşa məxsus ümumi sahəsi 750m² olan təsərrüfat malları saxlanılan anbarın yanar konstruksiyaları 230m² sahədə, ümumi sahəsi 830m² olan ondulindən ibarət dam örtüyü və taxta atmaları 600m² sahədə yanıb, yanğının mənzillərə keçməsinə imkan verilməyib.

Yanğın zamanı 20 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə edilib, 1 nəfər tüstüdən zəhərlənib. Anbarın və dam örtüyünün qalan hissəsi, eləcə də mənzillər yanğından mühafizə olunub.

Hadisə ilə əlaqədar araşdırma aparılır.

***

Fövqəladə Hallar Nazirliyi tərəfindən həyata keçirilmiş təcili və təxirəsalınmaz tədbirlər sayəsində Abşeron rayonu, Məmmədli kəndində yerləşən yeddimərtəbəli yaşayış binasındakı yanğın qısa müddətdə məhdudlaşdırılıb.

FHN-dən verilən məlumata görə, hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Yanğınla mübarizə tədbirlərinə Fövqəladə Hallar Nazirliyinin ümumilikdə 25-ə yaxın texnika və 130 nəfərə yaxın canlı qüvvəsi cəlb olunub.

***

Abşeron rayonu, Məmmədli kəndində altımərtəbəli yaşayış binasında yanğın davam edir.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) 10-dan artıq texnikası və çoxsaylı canlı qüvvəsi cəlb olunub.

Hazırda yanğınının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

 

.