Quba rayon Məhkəməsinin sədri Fizuli Pənahov 10 yaşlı Nuray Bayramzadənin xalasından alınıb, atasına verilməsi barədə qərara münasibət bildirib.

F. Pənahov APA-ya açıqlamasında deyib ki, Quba rayon Məhkəməsinin 2009-cu ildə çıxardığı qərara əsasən uşağın xalasından alınaraq atasına verilməsi barədə qərar qəbul olunub. Bundan sonra tərəflər yuxarı instansiya məhkəmələrinə müraciət ediblər. Ali Məhkəmə Quba rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb. Həmin qərar könüllü şəkildə icra olunmadığı üçün ötən il dekabrın 7-də məcburi şəkildə icra edilib.
"Bir müddət sonra qarşı tərəf zor tətbiq etməklə uşağı yenidən atasından alıb", - deyə hakim söyləyib.

Quba rayon İH: Qarşı tərəf qəyyumluqla bağlı yenidən məhkəməyə müraciət etməlidir

Quba rayon İcra Hakimiyyəti 10 yaşlı Nuray Bayramzadənin xalasından alınıb, atasına verilməsi barədə qərara münasibət bildirib.
Quba Rayon İcra Hakimiyyətinin nümayəndəsi Elşad Əliyev APA-nın yerli bürosuna bildirib ki, 2010-cu ildən uşağın mənafeyi, yaşayış şəraiti nəzərə alınaraq icra başçısının sərəncamı ilə onun xalası Mehriban Eldarovaya qəyyumluq hüququ verilib: "Daha sonra bioloji atasının məhkəməyə müraciəti əsasında qəyyumluq ləğv olunub. Hazırda qanunvericiliyə əsasən 10 yaşlı uşağın yenidən qəyyumluqla bağlı müraciəti zamanı uşağın özünün mövqeyi də nəzərə alınır. Bunun üçün qarşı tərəf yenidən məhkəməyə müraciət etməlidir. Mübahisəli məsələ olduğu üçün İcra Hakimiyyəti yox, məhkəmə bu barədə qərar verməlidir”.


.