Heydər Əliyev Mərkəzində Medianın İnkişafı Agentliyi və Media Təhlil Mərkəzinin birgə təşkil etdiyi treninq proqramı başlayıb.
Təlim yerli media nümayəndələrinin, xüsusilə də mətbuat xidmətlərinin rəhbərlərinin peşəkar bacarıqlarının daim təkmilləşdirilməsi və inkişafı, bu sahədə effektivliyin artırılması məqsədilə keçirilir.
Təlim Azərbaycanda ilk dəfə xüsusi formatda təşkil edilir.
Təlim ölkədə həyata keçirilən media islahatlarına töhfə vermək, medianın hazırkı dinamik mühitdə inkişafını təşviq etmək, jurnalistlərin bilik və bacarıqlarını daha da təkmilləşdirmək məqsədi daşıyır.
Mətbuat xidmətlərinin fəaliyyətinin effektivliyinin artırılmasına xidmət edən təlim vacib nəzəri mövzuların tədrisi ilə başlayacaq, daha sonra iştirakçılar müzakirələrə qoşulacaq, press-relizlərin hazırlanma forması və sosial media təşəbbüslərinin inkişaf etdirilməsi ilə bağlı sessiyalarda iştirak edəcəklər.
Bundan əlavə, təlim proqramına peşəkar mətbuat ofisinin təşkili; jurnalistlərdən gələn sorğuların səmərəli şəkildə cavablandırılması; onların suallarına vaxtında dəqiq cavab verilməsi; Britaniya və Amerikadakı hökumət qurumları tərəfindən idarə olunan veb-saytların nümunəsində bütün məlumatların müfəssəl yer aldığı peşəkar veb saytın təşkili; inandırma psixologiyası və digər aktual mövzular daxil edilib.
Dövlət, qeyri-hökumət və digər təşkilatların mətbuat xidmətlərinin rəhbərləri üçün təşkil edilən təlimi London şəhər Universitetinin jurnalistika üzrə professoru Barni Cons aparacaq. Britaniyanın "The Media Society" təşkilatının vitse-prezidenti olan Barni Cons İcmalar Palatasında media məsləhətçisi kimi çalışır.
O, "The Andrew Marr Show" va "Breakfast with Frost" siyasi xarakterli televiziya proqramlarının yaradıcısı və aparıcısı olub, PR və müstəqil radio müxbiri kimi çalışıb, sonradan BBC-də bəzi layihələr üzərində işləyib, bir çox siyasi xadimlərdən müsahibələr götürüb.
Qeyd edək ki, müxtəlif sessiyaları əhatə edəcək üç günlük təlim 1-3 noyabr tarixlərində keçiriləcək.
.