Mədəniyyət Nazirliyi Metropolitan İncəsənət Muzeyinin noyabrın 17-də erməni mədəni irs obyektləri ilə bağlı verdiyi açıqlamaya etiraz olaraq bəyanat verib.

Bəyənatda bildirilir ki, Metropolitan İncəsənət Muzeyinin noyabrın 17-də erməni mədəni irs obyektləri ilə bağlı verdiyi açıqlama, Dağlıq Qarabağ münaqişəsi və onun dağıdıcı nəticələri barədə tam məlumatı olmayan aparıcı bir mədəniyyət müəssisəsinin qərəzli və birtərəfli mövqeyini əks etdirir.

“Mədəniyyət Nazirliyi Metropolitan İncəsənət Muzeyinə xatırladır ki, təqribən otuz il müddətində Ermənistan BMT Təhlükəsizlik Şurasının 822, 853, 874, 884 saylı qətnamələrini icra etməyərək Dağlıq Qarabağ bölgəsi və ona bitişik yeddi rayon daxil olmaqla, Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazilərinin təxminən 20 faizini qanunsuz olaraq işğal altında saxlayıb.

UNESCO-nun “Silahlı münaqişə zamanı mədəni mülkiyyətin müdafiəsi haqqında” 1954-cü il Haaqa Konvensiyası və “Mədəni mülkiyyətin qanunsuz olaraq ölkəyə gətirilməsi, ölkədən çıxarılması və mülkiyyət hüququnun qanunsuz olaraq başqasına verilməsinin qadağan olunması və qarşısının alınmasına yönəldilmiş tədbirlər haqqında” 1970-ci il Konvensiyasına üzv dövlət olmasına baxmayaraq, Ermənistanın işğal etdiyi ərazilərdə Azərbaycanın mədəni irsini necə məhv etdiyi, saxtalaşdırdığı və talan etdiyi barədə təkzibedilməz faktlar və dəlillər mövcuddur.

Yüzlərlə tarix və mədəniyyət abidələri, mədəniyyət müəssisələri, o cümlədən 4,6 milyon kitab fondu olan 927 kitabxana, 808 mədəniyyət sarayı, klub və mədəniyyət evi, 85 musiqi və rəssamlıq məktəbi, 100 mindən artıq eksponatın toplandığı 22 muzey, 4 rəsm qalereyası, 4 teatr müəssisəsi, 2 konsert müəssisəsi, 8 mədəniyyət və istirahət parkı bu vandalizminin qurbanına çevrilib.

İşğal olunmuş ərazilərdəki bütün məscidlər və digər İslam irsi demək olar ki, məhv edilmiş və donuzların saxlanıldığı məkana çevrilib. İnsanlığa qarşı bu cinayətlər müxtəlif internet saytlarında və forumlarda öz əksini tapıb.

Müvafiq elmi araşdırma və tədqiqat aparmadan Metropolitan İncəsənət Muzeyi kimi nüfuzlu bir mədəniyyət müəssisəsinin aldanması və erməni təbliğatının alətinə çevrilməsi təəssüf doğurur. Bu qeyri-peşəkar yanaşma muzeyin imicinə və qərəzsizliyinə kölgə salır.

Biz Azərbaycan irsinin vəziyyətinə yerində baxış keçirmək və Azərbaycana qarşı törədilən mədəni soyqırımın şahidi olmaq məqsədilə Metropolitan İncəsənət Muzeyini texniki missiya üçün işğaldan azad olunmuş ərazilərimizə dəvət edirik”, - deyə bəyənatda bildirilir.

.