Gəncədə "Arzu" mebel mağazasının qəsdən yandırılması ilə bağlı cinayət işi başlanıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov məlumat verib.

Qurum rəsmisi deyib ki, Gəncə şəhər Baş Polis İdarəsində başlanan cinayət işi üzrə mağazanı yandırmaqda şübhəli bilinən şəxs və ya şəxslərin kimliyinin müəyyənləşdirilməsi istiqamətində müvafiq işlər aparılır:

“Təqsirkar şəxslərin qısa müddətdə tutularaq istintaqa cəlb edilməsi təmin ediləcək”.

Qeyd edək ki, fevralın 1-də Göygöl rayonu ərazisində yerləşən "Arzu" mebel mağazasında yanğın olması barədə Fövqəladə Hallar Nazirliyinə (FHN) məlumat daxil olub. Baş vermiş yanğın nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən söndürülüb. Yanğın nəticəsində vətəndaşa məxsus mağaza 2000 m² sahədə yanıb, bitişik digər ticarət obyektləri yanğından mühafizə olunub.

Hadisə ilə əlaqədar FHN Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları tərəfindən aparılmış operativ araşdırma nəticəsində, ilkin ehtimala görə, yanğının qəsdən törədildiyi müəyyən edilib.

Araşdırmalar davam etdirilir.

.