Mayın 4-dən 2022-2023-cü tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna start veriləcək. Ümumi təhsil müəssisələrinin I siniflərinə qəbul prosesi www.mektebeqebul.edu.az elektron portalı vasitəsilə aparılacaq.

Təhsil Nazirliyindən verilən xəbərə görə, I sinfə şagird qəbulu üçün valideynlərin (digər qanuni nümayəndələrin) ərizələrinin onlayn qeydiyyatına mayın 4-dən, Azərbaycan bölməsi üzrə məktəb seçimi prosesinə isə mayın 6-dan başlanılacaq.

6 may 2022-ci il tarixindən dövlət ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan birinci siniflərinə qəbulla bağlı müsahibəyə yazılmaq üçün qeydiyyat prosesinə də start veriləcək. Müsahibəyə yazılma mərhələsi mayın 30-da başa çatacaq.

Müsahibələrin 10-31 may 2022-ci il tarixlərində ənənəvi formada həyata keçirilməsi nəzərdə tutulur. Müsahibədən uğurla keçən uşaqlar üçün məktəb və müəllim seçimi mərhələsi isə 11-18 iyun tarixlərində keçiriləcək.

Birinci sinfə qəbulla bağlı elektron qeydiyyat prosesi 14 sentyabr 2022-ci il tarixində başa çatacaq.

.