Dekabrın 15-də saat 14:38-də Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Masallı rayonunun Güllütəpə kəndində (yanğından mühafizə hissəsindən 12 km məsafədə) fərdi yaşayış evində yanğın olması barədə məlumat daxil olub.

FHN-dən  verilən xəbərə görə, məlumat qəbul edildikdən dərhal sonra nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub və saat 14:51-də hadisə yerinə çataraq yanğınsöndürmə işlərinə başlanılıb.

Yanğın nəticəsində ümumi sahəsi 300 m², arakəsmə divarları taxta və çiy kərpicdən olan ikimərtəbəli beşotaqlı evin 2-ci mərtəbəsində 2 otağın, dəhlizin yanar konstruksiyaları 105 m² sahədə və dam örtüyü yanıb. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yerinin kəşfiyyatı zamanı 2 nəfərin (onlardan biri azyaşlıdır) yanmış meyitləri aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Evdə baş verən yanğında yanaraq ölən şəxslərin adları məlum olub.

Yanğın zamanı 1962-ci il təvəllüdlü Allahverən Fəyyaz oğlu Nəzərov və onun nəvəsi 2017-ci il təvəllüdlü Rövşən Elşən oğlu Nəzərov yanaraq ölüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
 

.