“Fransa Cənubi Qafqazda sabitliyi pozur və buradan qovulmalıdır”.

Bunu politoloq, Siyasi Araşdırmalar Mərkəzinin direktoru Sergey Markov “Qarabağ münaqişəsi yekunlaşdıqdan sonra Cənubi Qafqazın inkişafı” onlayn konfransında deyib.

Politoloq qeyd edib ki, bu gün regiondan kənar bəzi dövlətlərin onun geosiyasi vəziyyətinə müdaxilə cəhdlərini müşahidə etmək olar: "Məsələn, Fransa Ermənistan vasitəsilə Cənubi Qafqazın işlərinə qarışmağa çalışır".

Onun sözlərinə görə, Fransa üçün bu, Rusiyadan qisas almaq kimidir. Çünki onlar Burkina-Faso və Mərkəzi Afrika Respublikasından qovulurlar və Cənubi Qafqaza sızmağa çalışırlar.

"Fransanı Qafqazdan sıxışdırıb çıxarmaq lazımdır" deyən ekspert onun Cənubi Qafqazın işlərinə qarışmağa çalışan yeganə ölkə olmadığını bildirib: “Hər kəs ABŞ və Ermənistan arasında birgə hərbi təlimlərin keçirilməsindən xəbərdardır. Bəlkə də, tezliklə Ermənistanda Amerika hərbi bazalarının yaradılması barədə də eşidəcəyik”.

O, yeni geosiyasi reallıqlardan danışarkən qeyd edib ki, region ölkələri - Azərbaycan, Gürcüstan, Ermənistan, Rusiya, Türkiyə, İran arasında 3+3 formatı regionun inkişafı üçün çox perspektivlidir: “Cənubi Qafqaz ölkələri üçün ümumi iqtisadi məkanın yaradılması regionun inkişafına gətirib çıxara bilər, lakin bu, yalnız nəqliyyat dəhlizlərinin, xüsusən də Zəngəzurun açılması əsasında mümkündür”.

“Nəqliyyat dəhlizlərinin açılması problemi həll olunarsa, o zaman 3 ölkə arasında vahid iqtisadi məkanın yaradılması ehtimalı reallaşar”, - politoloq vurğulayıb.

.