Kanadanın Baş naziri Mark Karni və ABŞ Prezidenti Donald Tramp öz köməkçilərinə iki ölkə arasında bütün zəruri ticarət sövdələşmələrinin tez bir zamanda imzalanması barəsində göstəriş veriblər.

Bu barədə "National Post" qəzeti liderlərin oktyabrın 7-də Vaşinqtonda baş tutmuş danışıqlarında iştirak etmiş Kanada nümayəndə heyətinin adının açıqlanmasını istəməyən üzvünə istinadla yazıb.

Onun sözlərinə görə, Tramp və Karni danışıqlarda iştirak edən adamlarına ticarət sövdələşmələrinin ən qısa müddətdə imzalanmasını tapşırıblar.

Bu məqsədlə Kanadanın idarələrarası münasibətlər və ABŞ ilə ticarətə məsul naziri Dominik Leblan hələ bir neçə gün Vaşinqtonda qalacaq.

Tramp danışıqların nəticələrinə əsasən, ona dəfələrlə verilmiş "Vaşinqton və Ottava arasında kəskin ticarət mübahisələrinin aradan qaldırılması, buna dair yeni razılaşmanın əldə edilməsi və ABŞ-nin idxala qoyduğu gömrük rüsumlarının azaldılması mümkündürmü" sualına birmənalı cavab verməyib. Bununla belə, o, Karninin işinə yüksək qiymət verərək Baş naziri çox yaxşı lider adlandırıb.

Ottava ilə Vaşinqton avqustun 1-nə qədər ticarət sövdələşməsi imzalaya bilmədiklərinə görə, Tramp Kanada, Meksika və ABŞ arasında azad ticarət haqqında müqavilənin təsiri altına düşməyən bir sıra mallara rüsumları artıraraq 25 faizdən 35 faizə çatdırıb. Kanada artıq bir neçə aydır ki, ABŞ ilə ticarət müqaviləsi imzalamağa uğursuz cəhdlər edir. Kanada poladına və alüminiumuna görə rüsumlar hazırda 50 faiz təşkil edir.

.