Orta Dəhlizin (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) inkişafı böyük vəsait tələb edir, ona görə də onların cəlb edilməsi üçün Dünya Bankı, Asiya İnkişaf Bankı və s. kimi beynəlxalq maliyyə institutlarına və strukturlarına üstünlük verilir.

Bunu Azərbaycanın maliyyə naziri Samir Şərifov Tbilisidə Asiya İnkişaf Bankının (ADB) 57-ci illik toplantısı çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.

“Özəl sektorun Orta Dəhlizin inkişafına cəlb edilməsi mümkündür. Bu sektor bu cür layihələri maliyyələşdirir, lakin onlar kifayət qədər vəsait tələb edir. Bugünkü mərhələdə biz daha çox irimiqyaslı infrastruktur layihələrindən danışırıq. Bu, dəmir yolu və avtomobil yolları kommunikasiyalarının, yəni kifayət qədər ciddi fiziki infrastrukturun inşasıdır”, - maliyyə naziri bildirib.

S.Şərifov qeyd edib ki, bu cür layihələrdə geri qaytarılma müddəti kifayət qədər uzundur, bu da o deməkdir ki, bu şəraitdə özəl maliyyələşdirmə bir qədər baha görünür: “Ona görə də digər maliyyə mənbələrinə, əsasən beynəlxalq maliyyə institutlarına üstünlük verilir. Bu maliyyə institutlarından daha uzun müddətə və daha aşağı faizlə vəsait toplamaq olar. Bunlara Dünya Bankı, Asiya İnkişaf Bankı, Avropa İnkişaf Bankı, Asiya İnfrastruktur İnvestisiya Bankı, bir sıra ərəb ölkələrində müxtəlif inkişaf fondları və s. aiddir”.

Onun sözlərinə görə, dövlət bu vəsaitlərin qaytarılması üçün məqsədyönlü uzunmüddətli strategiya hazırlayır.

Qeyd edək ki, Orta Dəhliz 2014-cü ilin fevralında Azərbaycan, Qazaxıstan və Gürcüstanın müvafiq strukturlarının iştirakı ilə yaradılıb. Daha sonra layihəyə Ukrayna, Rumıniya və Polşa qoşulub. Hazırda marşrut Çin-Qazaxıstan sərhədindən başlayır və Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstan ərazisindən keçərək Avropaya uzanır. Bütün marşrut üzrə vahid tarif yaradılıb və “bir pəncərə” prinsipi tətbiq edilir.

.