Bakının ən böyük topdansatış bazarında «ölü sükut» hökm sürür

Bakının Qaradağ rayonunda yerləşən və paytaxtın ən böyük bazarlarından sayılan  "Binə” ticarət mərkəzində əvvəlki sıxlıqdan, alış-verişdən əsər qalmayıb. Yarmarkanın çıxışındakı mağazaların əksəriyyəti boşaldılıb. 3-cü sıradan başlayaraq sonuncu sıralaradək hər 3 mağazadan biri "icarəyə verilir” yazılıb. İşləyən mağazalarda isə "50 faiz endirim”, "Şok endirim” kimi reklamlar vurulub. 
Bazar günləri adətən sıxlıq olan Ticarət Mərkəzində bu dəfə seyrəklik müşahidə olunurdu. Bazarda qiymətlər artıq manatın yeni məzənnəsinə uyğunlaşdırılıb. 

Satıcılar bildirir ki, 2016-ci il başlayandan gəlirləri həddindən artıq azalıb. Manadın devalvasiyası və dollar qıtlığı, eləcə də rüsumların və kommunal xərclərin artması səbəbindən məhsulların qiymətini qaldıran sahibkarlar alıcılıq qıtlığından əziyyət çəkirlər. Qiymət artımını məcburiyyət qarşısında etdiklərini bildirən sahibkarlar məqsədlərinin sadəcə xərclərini gəlirləri ilə sığortalamaqdır.
"Malın qiymətini qaldırmışq. Amma nə indi sata bilirik, nə də bundan əvvəl sata bilirdik. Bizim yerimizə siz də olsanız, qiymətləri qaldırarsınız. Malı nisyə almışıq. Hamımız da Türkiyədən, Dubaydan, Çindən mal gətiririk. Malı da ancaq dollarla alırıq. İndi isə ziyan eləmişik”,-deyə satıcı Nurlan Rzaquliyev bildirib. 

"Binə”də qazanc əsasən ölkənin regionlarından gələnlərin hesabına əldə olunur. Dağısatandan bu ticarət mərkəzinə gələn müştərilərin sayında isə azalma müşahidə olunur. 

"Gördüyünüz kimi bazarda alıcılar var, amma azdır. Onların da çoxu baxır, almır. Qınamaq da olmur, camaatda pul yoxdur. Ticarət mərkəzinin qarşısında gördüyünüz avtomobillərin əksəriyyəti ticarətçilərə məxsusdur. Onların da çoxu kreditlə alınıb. Avqust ayının ikinci yarısında və sentyabr ayında alıcılıq qabiliyyəti bu il ərzində ən yüksək səviyyədə olub. Amma ötən illərin bu dövrü ilə müqayisədə gəlirimiz yenə aşağı olub”,-deyə Səbuhi Fərəcov satıcı bildirib.

Alıcılar deyirlər ki, "Binə”də qiymətlər, paytaxtın mərkəzində fəaliyyət göstərən ticarət məzkəzində olan qiymətlərlə eynilik təşkil edir. Bu halla satıcılar razılaşırlar. Onlar etiraf edirlər ki, "Binə” topdansatış ticarətlə məşğul olan alıcılar üçün sərfəlidir. 

Satıcıların sözlərinə görə, paytaxtın mərkəzində yerləşən mağazalar malları onlardan alıb aparırlar.
Ticarətçilərdən onu da öyrəndik ki, geyim sahəsində ən gəlirli sahə uşaq geyimlərinin satışı ilə bağlıdır. Alıcı Emin Əliyev satıcılar tərəfindən aldadıldıqlarını bildirir: "Malın qiymətini bizə iki qat baha deyirlər, endirim adı ilə bir qat bahasına bizə satırlar. Elə aldığım maaşdır, vacib olan şeylər dalınca gəlmişəm ki, şəhərdən bir az ucuz alım. Amma şəhər qiymətinə alıram”.

Ticarət Mərkəzinin "Elit” bölməsini tərk edirdik ki, xəz dəri satan həmkarlarını sevinc içində "yağış yağdığını” xəbərdar etdi. Onun sözlərinə görə, bir aya yaxındır ki, alver etmir: "Alverimiz zəifdir, yer pulu ödəməlisən. Malı satırsan, ancaq yer puluna çatır. Tək mən deyiləm, burda çoxları belədir. Yəqin ki, alıcıları da danışdırmısınız. Çox güman ki, hamısı qiymət artımından narazılıq edib. Mən də dolların bahalaşmasından narazıyam. Mənim qazancım da artmayıb. Bazara müştəri gəlmir. Günlərlə heç icarə haqqını da çıxara bilmirik. Hamı görür ki, bazara gələn yoxdur. Bazar rəhbərliyi bunu nəzərə alıb, icarə haqqında yenə güzəşt etməlidir”. 




«Malı satırsan, ancaq yer puluna çatır»
  - FOTOLAR
«Malı satırsan, ancaq yer puluna çatır»
  - FOTOLAR
«Malı satırsan, ancaq yer puluna çatır»
  - FOTOLAR
«Malı satırsan, ancaq yer puluna çatır»
  - FOTOLAR
«Malı satırsan, ancaq yer puluna çatır»
  - FOTOLAR
«Malı satırsan, ancaq yer puluna çatır»
  - FOTOLAR

.