Malayziya mayın 17-dən 22-dək Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) fəal iştirak etməyə hazırlaşır və şəhər inkişafı üzrə öz təşəbbüslərini təqdim etmək niyyətindədir.
Bu barədə Malayziyanın Mənzil Tikintisi və Yerli Özünüidarə Nazirliyindən bildirilib.
Qeyd edilib ki, WUF müxtəlif ölkələrin nümayəndələrini, şəhər inkişafı sahəsindəki ekspertləri və dünyanın dörd bir yanından sahə iştirakçılarını birləşdirən urbanistika məsələləri üzrə ən böyük qlobal platformadır.
"Forum daha dayanıqlı, inklüziv və yaşamaq üçün əlverişli şəhərlərin formalaşdırılması üçün ideya, innovasiya və ən yaxşı həllərin mübadiləsinə imkan verəcək", - məlumatda bildirilib.
Nazirlikdən vurğulanıb ki, Malayziya forumda şəhər inkişafı, mənzil siyasəti və əhalinin rifahının yüksəldilməsi sahəsindəki təşəbbüs və nailiyyətlərini təqdim etmək niyyətindədir.
"Malayziyanın WUF13-də fəal iştirakı, forumun - "Dünyanı məskunlaşdırmaq: təhlükəsiz və dayanıqlı şəhər və icmalar" mövzusuna uyğun olaraq, ölkənin dayanıqlı urbanizasiya qlobal gündəliyinin təşviqinə və beynəlxalq strateji əməkdaşlığın genişləndirilməsinə olan dəyişməz sadiqliyini əks etdirir", - bildirilib.
Həmçinin qeyd olunub ki, forum çərçivəsində URBANICE Malaysia təşkilatı ilə birgə təşkil olunmuş Malayziyanın milli pavilyonu açılacaq.
Pavilyon mayın 18-də "RUMAH MALAYSIA: Hamı üçün əlçatan məskunlaşmanın təşviqi" mövzusu altında işə başlayacaq.
Ölkə hakimiyyəti hesab edir ki, WUF13 təcrübə mübadiləsi, beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi və şəhərlərin dayanıqlı inkişafı üzrə qlobal gündəlikdə Malayziyanın rolunun genişləndirilməsi üçün mühüm platforma olacaq.
.
