Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarının boş qalan plan yerlərinə müsabiqənin nəticələri avqustun 15-də saat 17:00-dan etibarən DİM-in internet saytında yerləşdirilib.

Dövlət İmtahan Mərkəzindən verilən xəbərə görə, bakalavrlar müsabiqənin nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

Magistraturanın boş qalan plan yerlərinin müsabiqəsində iştirak etmək üçün 1848 bakalavr müraciət edib. Müsabiqə nəticəsində onlardan 761 nəfər (o cümlədən 71 nəfər dövlət sifarişi əsasında) magistraturaya qəbul olub

Qəbul olan bakalavrların siyahısı, müsabiqə nəticəsində formalaşmış keçid balları “Magistr” jurnalının 7-ci sayında veriləcək. Jurnalın elektron versiyasını (pdf formatında) sabah günün ikinci yarısından etibarən DİM saytının "Elektron xidmətlər" bölməsində "DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı" xidməti vasitəsilə ödəniş etməklə də əldə edə bilərsiniz (Xidmətə keçid: http://eservices.dim.gov.az/ejurnal/ ).

Qəbul olunan şəxslər 2022-ci il 18 avqust 10:00-dan 30 avqust saat 23:59‑dək elektron qaydada qeydiyyatdan keçməlidirlər. Bunun üçün, https://portal.edu.az/ platformasında qeydiyyatdan keçmək, yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçmək lazımdır.

Qeydiyyatdan keçməyən bakalavrlar qəbul olunanların siyahısından xaric ediləcəklər.

.