Moldova Respublikası, Polşa Respublikası və Slovakiya Respublikasından sonra Macarıstan da, yaranmış vəziyyətlə əlqədar Ukraynanı tərk etmək istəyən Azərbaycan Respublikası vətəndaşlarını qəbul edəcək.

Xarici İşlər Nazirliyindən verilən xəbərə görə, sərhəd ərazisinə yaxın bölgələrdə yerləşən və ciddi təhlükə ilə üzləşmiş Azərbaycan Respublikası vətəndaşları aşağıdakı qaydada Ukrayna ərazisini tərk edərək Macarıstana gedə bilər:

- Ukrayna Macarıstan arasındakı Barabas, Beregsuranyi, Lonyai, Tiszetbecsi və Zahony sərhəd-keçid məntəqələri vasitəsilə Macarıstana daxil olmaq mümkündür.

- Macarıstan tərəfi Azərbaycan Respublikası vətəndaşlarına sərhəd-keçid məntəqələrində rüsumsuz 15 günlük viza rəsmiləşdirəcəkdir. Eyni zamanda, vətəndaşlarımız sərhəd-keçid məntəqəsində səyahət sənədini (pasport) təqdim etməlidir.

- Macarıstan tərəfi yaranmış humanitar vəziyyətlə əlaqədar quru sərhədi keçmək istəyən Azərbaycan Respublikası vətəndaşlarından COVID-19 pasportunu (COVID-19-a qarşı tam peyvənd olunmasını və ya COVID-19-dan sağalaraq immunitetə malik olmasını təsdiq edən sənəd) və COVID-19-a dair PCR testinin neqativ nəticəsini mütləq şəkildə tələb etməyəcək.

Yaranmış suallarla bağlı vətəndaşlarımız Azərbaycan Respublikasının Macarıstandakı Səfirliyi ilə +36300901033 (telefonla zənglər üçün), +994552999012 (WhatsApp vasitəsilə zənglər üçün) və [email protected] elektron poçtu vasitəsilə əlaqə saxlaya bilər.

Ukraynadakı vəziyyət ilə əlaqədar vətəndaşların təxliyə olunması üçün Macarıstanın Daxili İşlər Nazirliyinin Əməliyyat Mərkəzi ilə +36 1 4411960 telefon nömrəsi və [email protected] elektron poçtu vasitəsilə əlaqə saxlanıla bilər.

Bir daha vurğulayırıq ki, Ukrayna ərazisində daimi və müvəqqəti yaşayan, turizm və ya təhsil məqsədləri ilə həmin ölkəyə səfər etmiş Azərbaycan Respublikasının vətəndaşlarına hazırda ölkədə mövcud olan vəziyyətlə bağlı hərbi qüvvələrin və obyektlərin olduğu ərazilərdən uzaq olmalarını, evdə və ya təhlükəsiz yerdə qalmalarını, səyahətdən çəkinmələrini tövsiyə edirik.

XİN: 50 nəfər Rumıniya ərazisindən hava yolu ilə Azərbaycana geri dönüb

Məlum olduğu kimi, Ukraynadakı vəziyyətlə əlaqədar bu ölkədəki Azərbaycan vətəndaşlarının qonşu ölkələrin ərazisinə keçidi ilə bağlı diplomatik kanallarla əldə olunmuş razılıq əsasında Moldova Respublikası, Polşa Respublikası, Slovakiya Respublikası və Macarıstana quru yolla keçid imkanları ilə bağlı məlumat verilib.

Xarici İşlər Nazirliyindən verilən xəbərə görə, son iki gün ərzində Ukraynanın Moldova ilə olan Oknitsa və Palanka sərhəd-keçid məntəqələri vasitəsilə quru yolla 500-ə yaxın vətəndaşımız Moldova ərazisinə daxil olub. Vətəndaşlardan 50 nəfər Rumıniya ərazisindən hava yolu ilə Azərbaycana geri dönüb.

Ukraynanın Polşa ilə olan sərhəd-keçid məntəqələrindən quru yolla Polşa Respublikasının ərazisinə 190 vətəndaşımız keçib.

Ukraynadakı vəziyyətlə əlaqədar vətəndaşlarımıza hərbi obyektlərdən kənar olmalarını, evdə və ya təhlükəsiz yerdə qalmalarını, səyahətdən çəkinmələrini tövsiyə edirik.

Xüsusi hallar ilə bağlı vətəndaşlarımız Azərbaycan Respublikasının Kiyev şəhərindəki səfirliyi ilə (+380 73) 5050000 telefon xətti və [email protected] elektron poçt ünvanı, Xarkov şəhərindəki fəxri konsulluğu ilə (+38057) 7000531 telefon xətti və [email protected] elektron poçt ünvanı ilə məlumat əldə edə bilərlər.

Vəziyyətin inkişafından asılı olaraq əlavə məlumat vətəndaşlarımıza təqdim ediləcəkdir.

.