Zokniai aviabazasında rotasiya əsasında yerləşdirilən NATO qırıcıları son bir həftə ərzində Rusiya hərbi təyyarələrini 15 dəfə müşayiət edib.
Bu barədə Litva Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
"Baltikyanı ölkələrdə NATO-nun hava polisi funksiyalarını yerinə yetirən qırıcı təyyarələr Baltik dənizi üzərində beynəlxalq hava məkanında uçuş qaydalarını pozan Rusiya Federasiyasına məxsus təyyarələri müəyyən etmək və onları müşayiət etmək üçün 5-11 iyun tarixində 15 dəfə havaya qalxıb. Bu, ilin əvvəlindən bəri belə həftəlik növbələrin maksimum sayıdır", - məlumatda deyilir.
Litva Müdafiə Nazirliyinin məlumatına görə, NATO qırıcıları Rusiyanın Kalininqrad vilayətindən qalxan beynəlxalq hava məkanından keçərək Rusiyaya uçan və vilayətə qayıdan İL-20, AN-72, AN-30, SU-27, SU-24 təyyarələrini müəyyən etmək və müşayiət etmək üçün uçuşlar həyata keçirib. Vurğulanıb ki, Rusiya təyyarələri uçuş planı və aktivləşdirilmiş radar transponderi olmadan uçublar və Regional Uçuş İdarəetmə Mərkəzi ilə radio əlaqə saxlamayıblar.
.
