Karantin günlərində müvafiq icazə olmadan qeyri-qanuni yollarla sərtləşdirilmiş karantin rejiminin olduğu digər rayon və şəhərlərdən Lerik rayonuna istirahətə gələn şəxslərlə bağlı tədbirlər davam etdirilir.

Lerik Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində keçirilən növbəti reyd zamanı sərtləşdirilmiş karantin rejimi elan olunan digər rayonlardan qaydaları pozaraq qeyri-qanuni yollarla istirahətə gələn şəxslər aşkarlanaraq barələrində tədbirlər görülüb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə karantin rejimi dövründə heç bir icazələri olmadan Lerik rayonuna gələrək burada yerləşən istirahət mərkəzlərində dincələn Bakı, Gəncə və Sumqayıt sakini olan şəxslər müəyyən edilib və barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimə olunublar.

Qarşıdakı vaxtlarda bu cür qayda pozuntularının təkrar aşkar olunacağı təqdirdə daha ciddi tədbirlərin görüləcəyi onların diqqətinə çatdırılıb.

.