“Vladimir Putin və İlham Əliyev bu məsələyə birdəfəlik son qoydu”

Rusiya Dövlət Dumasının MDB ölkələri ilə iş üzrə Komitəsinin sədri Leonid Kalaşnikovun APA-nın Moskva müxbirinə müsahibəsi.

- Leonid İvanoviç, Dağlıq Qarabağla bağlı Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli bəyanatının imzalanmasını necə qiymətləndirirsiniz? Sizcə, bu bəyanat Qarabağ probleminin həllini birdəfəlik sonlandırıb?  

- Mən artıq uzun illərdir ki, bu barədə deyirdim. Amma bu, çoxlarının xoşuna gəlmirdi. Deyirdim ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri Qarabağ münaqişəsini həll etmək gücündə deyil. Üçlüyə daxil olan ölkələr ABŞ və Fransa bu münaqişənin həllində heç vaxt maraqlı olmayıblar. Bu münaqişə onlar üçün rəqabət meydanı olub. Amma Rusiya qonşu region olduğu üçün bu münaqişəyə fərqli yanaşıb. Ona görə də, mən hər zaman deyirdim ki, bu münaqişəni üç ölkə - Rusiya, Azərbaycan və Ermənistan birlikdə həll etməlidir. Xoşbəxtlikdən elə də oldu. Lakin çox təəssüflər olsun ki, bu müharibə yolu ilə baş verdi. Ona görə ki, Azərbaycanın artıq dözməyə səbri yox idi. Azərbaycan nə qədər dözməli idi ki? Danışıqlar aparılırdı, razılaşırdılar, sonra Ermənistanda yeni rəhbərlik gəldi, təxribatçı addımlara yol verildi. Ermənistanın beynəlxalq siyasi arenalarda təxribatçı mövqe nümayiş etdirməsi sonda müharibəyə gətirib çıxartdı. Azərbaycan dövləti öz ərazilərinin itirilməsi və bir milyon qaçqın problemi ilə sonsuza qədər barışa bilməzdi. Nəticə göz qabağındadır. Nəhayət ki, üçtərəfli saziş baş tutdu. Açığını deyim ki, bu sənəd Dağlıq Qarabağ münaqişəsinin bir çox problemini həll etdi, lakin hamısını deyil. Əslində, indiki bəyanatda yazılanların bir qismi 1994-cü ildə imzalanan Bişkek protokolunda da öz əksini tapmışdı. Ətraf rayonların qaytarılması, sülhməramlıların yerləşdirilməsi, blokadanın aradan götürülməsi və s. həmin protokolda da vardı. Lakin o zaman ki, Rusiya xarici işlər naziri Andrey Kozırev Qərblə - Amerika və Fransa ilə dostluq etmək üçün bu münaqişənin həllini Minsk Qrupuna həvalə etdi. İndi məlum oldu ki, bu nahaq yerə edilib. Məlum oldu ki, Minsk Qrupunun fəaliyyəti sonda dalana dirənməyə gətirib çıxarıb. İndi isə düyün açılıb. Düzdür, yol hələ sona qədər gedilməyib. Lakin əsas odur ki, bu, düzgün yoldur. Rusiya prezidenti Vladimir Putinin sonuncu müsahibəsini izlədim. Putin bu müsahibədə əsasən üçtərəfli sazişin Ermənistanda qəbul edilməsinə çox diqqət yetirdi. Fikir verin, Rusiya prezidenti çıxışında Azərbaycanın mövqeyi, prezident İlham Əliyevin mövqeyi barədə necə hörmətlə danışırdı. Putinə Azərbaycan xalqını sakitləşdirmək lazım deyildi. Çünki, həqiqətən də Azərbaycan xalqı öz ərazilərini geri qaytarıb və bunu hamı etiraf edir. Lakin Putin müsahibəsində bildirdi ki, İlham Əliyevlə razılaşıb, Paşinyan isə buna qarşı çıxıb. İlham Əliyev heç vaxt buna kimi də əldə olunan razılaşmalardan bir addım belə geri çəkilməyib. Azərbaycan prezidenti hər zaman danışıqların, sülhün tərəfdarı olub.

Bilirsiniz, bu iki ay ərzində Rusiyada bir sıra insanların çıxışlarının şahidi olduq. O cümlədən həmin insanların mətbuatda çıxışlarını gördük. Həmin insanlar Rusiyanı bu qaynar münaqişəyə tərəf kimi cəlb etməyə cəhd edirdilər. Mən, bütün bunları onların vicdanına buraxıram. Biz hamımız bunu birlikdə gördük. Hər zaman deyirdim ki, məsuliyyətli siyasətçilər heç vaxt bunu dilinə gətirə bilməzlər. Rusiyanın hər iki qonşusu ilə yaxşı münasibətləri var. Ona görə də, Moskvanı münaqişə tərəflərindən birini dəstəkləməyə çağırmaq qəbul edilməz idi. İki məsuliyyətli böyük siyasətçi olan Vladimir Putin və İlham Əliyev bu məsələyə birdəfəlik son qoydu.

“Qarabağla bağlı üçtərəfli bəyanatı dəyişməyə heç kəs nail ola bilməyəcək”

- Üçtərəfli bəyanatdan sonra Ermənistan baş naziri Nikol Paşinyan “Dağlıq Qarabağın müstəqilliyinin tanınması bundan sonra da prioritet məsələdir” bəyanatını səsləndirib. Ermənistan tərəfindən üçtərəfli bəyanata yenidən baxılması cəhdlərini müşahidə edirik. Sizcə, Paşinyanın məlum bəyanatı Qarabağla bağlı Rusiyanın zəmanətçisi olduğu sənədin reallaşdırılmasını təhlükə altına qoymur?

- Bilirsiniz, indi siyasətçilər müəyyən maraqlardan, şəraitdən asılı olaraq çıxış edirlər. Bu, hər zaman belə olub, belə də qalacaq. Onlar daxili auditoriyanın maraqlarına uyğun çıxış edilər. Aydındır ki, həmin fikir daxili auditoriyanın marağına uyğundur. O ki, qaldı üçtərəfli bəyanatı dəyişmək cəhdlərinə, buna heç kəs nail ola bilməyəcək. Bilirəm, bir çox qüvvələr bu bəyanatı dəyişdirməyə cəhd edirlər. Putinin də dediyi kimi, oktyabrın 19-20-də bu sazişi Ermənistan tərəfi imzalamaqdan imtina edib. Lakin artıq bu baş tutub. Bu gün reallıq budur. 1994-cü ildə Bişkek protokolunu imzalamaq da Azərbaycan tərəfi üçün çətin olub. Lakin Azərbaycan tərəfi buna məsuliyyətlə yanaşıb. Heydər Əliyev hakimiyyətə gəlib, daha sonra İlham Əliyev, illər keçib, ölkə güclənib və əsas problemini həll edib.

“Rusiyalı ekspert münaqişə tərəflərindən birinin deyil, Rusiyanın mövqeyindən çıxış etməlidir”

- Leonid İvanoviç, bu gün Azərbaycanda ən çox müzakirə olunan mövzulardan biri də Rusiyanın televiziya kanallarında yayımlanan siyasi tok-şoularda Azərbaycan əleyhinə çirkin kampaniyanın aparılmasıdır. Siz həmin tok-şoularda barmaqla sayıla biləcək spikerlərdən birisiniz ki, Azərbaycanın haqlı mövqeyini müdafiə edirsiniz. Belə desək, sizin mövqeyiniz, Azərbaycanın haqlı mövqeyi ilə üst-üstə düşür.  

- Hər bir siyasətçi, hər bir ekspert özünü həmin xalqların nümayəndələrinin yerinə qoymalıdır. Münaqişə tərəfi olan xalqlardan birinin yerinə deyil. Bu birinci məqamdır. İkinci məqam… Əgər sən rusiyalı siyasətçi, ekspertsənsə, onda Rusiyanın mövqeyindən çıxış etməlisən. Niyə görə sən, kiminsə, hansısa ölkənin mövqeyindən çıxış etməlisən? Bütün hallarda sən ədalətli olmalısan. Ola bilsin ki, mənə ədalətli olmaqda kommunist olmağım kömək edir. Kimin mənə nə deməsindən, söyməsindən asılı olmayaraq, mənim öz mövqeyim var. Bu, ilk növbədə Rusiyanın mövqeyidir. Ədalətli mövqedir və Azərbaycanın da mövqeyi ədalətli olduğuna görə mövqelərimiz üst-üstə düşür. Mən tarixin nə demək olduğunu, Sovet İttifaqının nə demək olduğunu yaxşı bilirəm. Bu gün siyasi reallıq başqadır. Bu gün müstəqil ölkələrə hörmət etmək lazımdır. Putin müsahibəsində birbaşa vurğuladı ki, Azərbaycan müstəqil və suveren ölkədir. Hər şeyə özü qərar verir. Hər bir lider öz xalqı haqqında düşünür və düşünməlidir. Hər zaman deyirəm, amma məndən inciyirlər. Niyə görə Rusiya Ermənistan haqqında düşünməlidir? Bu iki ölkə müəyyən səbəblərdən bir-biri ilə müharibə edir. Azərbaycan tərəfi ədalət uğurunda öz əraziləri üçün vuruşur. Qarşı tərəf də bu cür fikirləşir. İndi gəlin Rusiyanın yerində durun. Telekanallardakı siyasi debatlarda çıxışlarımda da deyirdim. Siz niyə görə, fikirləşirsiniz ki, Rusiya bu müharibədə kiminsə tərəfində vuruşmalıdır? Niyə görə, Rusiyanı bu müharibəyə cəlb etmək istəyirsiniz? Biz əksinə, qonşularımıza kömək etməliyik. Kömək etməliyik ki, bu mübahisəyə son qoyulsun. Əks halda bu münaqişə daha 100 il davam edəcək. ABŞ və Fransa bu münaqişənin həll olunmasında maraqlı deyillər. Onlar münaqişənin uzanmasında, Rusiyanın müharibəyə birbaşa cəlb olunmasında maraqlı idilər. Bu isə Rusiyanın marağında deyildi. Fikrimcə, bugünkü həll ən məntiqli, düzgün həll yoludur.

“Lobbinin Rusiya mətbuatına böyük təsiri var”

- Sizcə, Rusiya mediasında, televiziya kanallarındakı antiAzərbaycan təbliğatı Azərbaycan-Rusiya ikitərəfli dostluq münasibətlərinə zərbə vurmur?

- Bilirsiniz, mən bu mövzu barədə Azərbaycan prezidenti cənab İlham Əliyevlə də danışmışam. Mətbuat hər zaman qərəzli və siyasi olub. Onlar nə qədər də müstəqil olduqlarını desələr də, bu elə deyil. Bu gün müstəqil mətbuat yoxdur. O ki, qaldı dövlət kanallarına, sizi əmin edirəm ki, onlar təkcə Kremlin direktivləri ilə işləmirlər. Mən kommunistəm, müxalifətdəyəm, tez-tez dövlət kanallarında debatlarda iştirak edirəm. Sizi əmin edirəm ki, Rusiya dövləti tərəfindən Azərbaycana qarşı təbliğatın aparılması göstərişi, tapşırığı verilməyib. Qeyd etmək lazımdır ki, lobbinin Rusiya mətbuatına çox böyük təsiri var. 

- Siz Rusiya parlamentində MDB ölkələri ilə əlaqələrə cavabdeh komitəyə rəhbərlik edirsiniz. Komitə tərəfindən yerli KİV-də antiAzərbaycan təbliğatının dayandırılması ilə bağlı hansısa tədbirin görülməsi planlaşdırılır?

- Bu məsələni çox müzakirə etmişik, bəyanatlar qəbul etmişik. Siz məndən antitəbliğatla bağlı soruşursunuz. Lakin bu mətbuatdır. KİV öz müəyyən qanunları ilə mövcuddur.

.