Rusiyanın Kazan şəhərində I MDB Oyunlarına həsr olunmuş mətbuat konfransı keçirilib.

MDB İcraiyyə Komitəsi sədrinin I müavini Leonid Anfimov ilk Oyunları tarixi hadisə adlandırıb. O, Rusiyanın SSRİ-nin varisi kimi 1993-cü ildən MDB ölkələrinin Birlik Kuboku və digər tədbirlər təşkil etməyə başladığını, lakin heç vaxt belə miqyasda tədbirin keçirilmədiyini vurğulayıb. Anfimov pandemiyanın bu yarışın təşkilinə təsirsiz ötüşdüyünü, gələcəkdə Oyunlara digər ölkələri də cəlb etmək istədiklərini diqqətə çatdırıb.

10 ölkənin, o cümlədən, Azərbaycanın imzası ilə belə bir tədbirin ərsəyə gəldiyini deyən natiq Ukraynanın kənarda qalmasından təəssüfünü ifadə edib. Onun fikrincə, Ukrayna da belə bir idman tədbirində iştirak etməyin gərəkliyini tezliklə başa düşəcək.

Rusiyanın gənclər və idman nazirinin müavini Aleksey Morozov 1010 idmançının iştirak etdiyi Oyunlara çoxdan hazırlaşdıqlarını bildirib. Onun sözlərinə görə, Tatarıstanın qonaqpərvərliyi hamının yadında qalacaq.

Rusiya Dumasının deputatı Olqa Pavlova belə bir yarışın təşkilini ölkə.rəhbərliyinin siyasəti adlandırıb. O, 9 sentyabrda Kazanda Rusiyanın sədrliyi ilə MDB ölkələrinin İdman Şurasının iclasının təşkil olunacağını və toplantıda mühüm məsələlərin müzakirə olunacağını diqqətə çatdırıb.

Qeyd edək ki, MDB Oyunları sentyabrın 11-dək davam edəcək.

.