Yenizaman.az Arb Cənub-a istinadən xəbər verir ki, qeyriri-neft sektorunun ən vacib sahələrindən olan kənd təsərrüfatının inkişafı bu gün hər zamankından daha da çox aktualdır. İstər daxili tələbat, istərsə ixraca görə kənd təsərrüfatı sahələrinin genişləndirilməsi üçün ölkədə əlverişli təbii şərait mövcuddur. Bu baxımdan respublikada kənd təsərrüfatının əsas sahələrindən olan quşçuluğun inkişafı da diqqəti çəkir. Lənkəranda da bu sahə əvvəlki illərə nisbətən xeyli inkişaf edib.

Hər dəfə izləyərkən üzümüzə gülüş qonduran Ulduz filminin bu məşhur epizodu onu göstərir ki, ölkəmizdə həmişə quşçuluğa böyük maraq olub. Elə bu gün də belədir. 18 ildir quşçuluqla məşğul olan Lənkəranlı fermer Rauf Mahmudov kimi. Birinci il 1000 yumurta tutumu olan inkubatorla bu işə başlayan təsərrüfat sahibi əhalinin artan tələbatına əsasən hazırda 800-900 minə yaxın yumurtalıq inkubatorlarla işləyir.

Fermer Rauf Mahmudov: "Kənd yumurtası yığıb qoyuruq,sortavoy yumurta istəyəndə Bakı şəhərində müxtəlif damazlıqlardan aldığımız qırmızı sreblis ağ sreblis, broyler və başqa sortlardan camaatın tələbatına uyğun biz istehsal edirik.”

Lənkərandakı quşçuluq təsərrüfatlarında artıq körpə cücə mövsümünə başlanılıb. Hazırda olduğumuz Rauf fermerin təsərrüfatında da 20 gün əvvəl inkubatora qoyulmuş 10 min yerli kənd yumurtasından 87-88% nəticə əldə olunub.

Mövsümlə əlaqədar təsərrüfatda dezinfeksiya işlərinin aparıldığını deyən fermerin sözlərinə görə bir neçə günə quşlarda vaksinasiya tədbirləri görüləcək. 60 gün ərzində vitaminli yemlərlə bəslənilən cücələr satışa çıxarılacaq. Fermer sifariş əsasında digər rayonlara da cücə göndərdiyini deyir. 

Fermer Rauf Mahmudov: "5-6 günə çıxışımız olacaq. Lerik rayonuna zakazımız var, Neftçala rayonuna zakazımız var, bir də Biləsuvar rayonuna biz körpə cücəni göndərərik. Hal-hazırda inkubatorda 15 min 200-ə kimi yumurtamız var.”

Körpə cücə istehsalı may ayının 15-nə kimi, yəni istilər düşənə kimi davam edəcək. Bundan əlavə son zamanlar ördək ətinə tələbatın artması bu sahəni daha gəlir gətirən sahəyə çevrilib. Fermer dekabrın 15-dən sonra 1000 baş anac ördəkdən aldığı yumurtaları inkubatora yığacaq .

Fermer Rauf Mahmudov: "10-15 toya biz ördək əti vermişik. Ona görə biz bunları camaatın, marketlərin tələbatını nəzərə alırıq, qərara gəlmişik ki, ördəkçilik təsərrügfatı yaradaq və ördək ətini istehsal edək.”


Qiymətlərə gəlincə topdan satış zamanı cücə 50qəpik, balaca ördək balası isə 1 manat 20qəpiyədir. Həmçinin toyuq ətinin kiloqramı 3 manat olduğu halda ördək ətinin 1 kiloqramı isə 4 manatdır. Buna görə də təsərrüfat sahibi növbəti ildən ördək əti istehsalını artırmağı düşünür.


.