Yenizaman.az ARB Cənub-a istinadən bildirir ki, cənub bölgəsində yağan intensiv yağışlar Lənkəranın bir neçə dağ kəndinə gedən yolda sürüşmələrin baş verməsinə səbəb olub. Yaranan çökmələr nəticəsində yol yararsız vəziyyətə düşüb. Kəndlərin şəhərlə əlaqəsində məhdudiyyətlər yaranıb.Sürüşmə Lənkəranın rayon mərkəzindən 25-30 km aralıda yerləşən kəndlərə aparan yolda baş verib. Təxminən 3 min əhalinin məskunlaşdığı bu ərazidə Daştatük, Biləsər, Alazəpin, Seliqavla və Bəlet kəndləri yerləşir. Üç istiqamətdə çökən yolda iri yarğanlar əmələ gəlib. Hərəkət məsafəsinin həddindən artıq kiçilməsi nəticəsində ciddi çətinliklər yaranıb.Sakinlər bu cür vəziyyətin artıq bir həftəyə yaxındır davam etdiyini bildirirlər. Yaranan vəziyyət səbəbindən kəndlərə gələn marşrut avtobuslarının sürücüləri sərnişinləri mənzil başına əziyyətlə çatdırdıqlarını bildirirlər.Məsələ ilə bağlı Lənkəran şəhər icra hakimiyyətindən bildirildi ki, yağışlı havalar səbəbindən ərazidə iş aparmaq mümkün olmayıb. Bu gün artıq yağış kəsilib. Əgər bu cür davam edərsə, yol istismar idarəsinin də köməyi ilə problem aradan qaldırılacaq.
