Lənkəranda quş kəsimi müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb.

Bu barədə Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

Bildirilib ki, agentlik əməkdaşları tərəfindən H.Z.Tağıyev küçəsi, döngə 2 ünvanında fəaliyyət göstərən İdrak Əliməmməd oğlu Əkbərova məxsus fərdi yaşayış sahəsində yerləşən quş kəsimi müəssisəsində plandankənar yoxlama keçirilib.

Yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinə əməl edilmədiyi müəyyən edilib.

Belə ki, müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, baytarlıq-sanitariya və sanitariya-gigiyena normalarının pozulduğu, istehsal edilən məhsulların etiketlənmə aparılmadan və baytarlıq-sanitariya nəzarətindən keçirilmədən satışının həyata keçirildiyi məlum olub. Həmçinin döşəmə, divar, tavanın tamlığının pozulduğu və dezinfeksiyaedici maddələrin təsirinə davamlı materialla üzlənmədiyi, havalandırma sisteminin quraşdırılmadığı, müvafiq təmizlik işlərinin aparılmadığı, işçi heyətin ilkin və dövri tibbi müayinədən keçmədiyi və digər nöqsanlar aşkarlanıb. Aşkarlanmış nöqsanlarla bağlı inzibati protokol tərtib edilib, müəssisədə istehsalın dayandırılmasına dair məhdudlaşdırıcı qərar qəbul olunub.

 

.