Lənkəranın Vilvan kənd sakini Sərraf Səmədov deyir ki, uzun illər fərdi quşçuluq təsərrüfatı olub. Bəslədiyi yerli toyuqların nə çəkisi, nə də xəstəliyə davamlılığı onu qane etməyindən o bu sahədən bir müddət uzaqlaşıb. Son iki ildə brama cinsli toyuqların bəslənməsi ilə məşğul olan fermer Rusiyadan gətirdiyi 5-6 cins quşu artıraraq 400-ə çatıdırıb. Cins toyuqların satışına gəldikdə isə fermer deyir ki, bazarlarda maraq və qiymət gözlədiyindən də yüksəkdir.

Təsərrüfatçı Sərraf Səmədov: "Alıcı var həm yeməyə həm saxlamağa. Görünüşünə maraq göstərən çoxdu. 80manata var cütü 100 manata var. 200 dənə satmışam.”

Təsərrüfatçı deyir ki, hətta paytaxt Bakıdan belə bu toyuqları almaq üçün gələnlər var. Bu quşların əsas üstünlüyü isə görünüşünün daha maraqlı, ayaqlarının tüklü olmasıdır. Həmçinin çəkisinin də xeyli çox olması dəyərini artırır.

Təsərrüfatçı Sərraf Səmədov: "Mən adi cır cücələr saxlamışam uzun illər. Onun çəkisi olur 2,5 kiloqram. Bunun isə ikisin kəsdin elə bil bir qoyun kəsmisən. 11 kilo olur ikisi.” 

İlk dəfə Amerikada yetişdirilən brama toyuq cinsləri əvvəllər ətlik cins kimi bəslənsə də sonradan gözəl görünüşünə və sakit davranışına görə həvəskarlar tərəfindən bəzək quşu kimi həyətlərdə saxlanılmağa başlanılıb. Soyuğa və xəstəliyə davamlı sayılan bu cinslərin xoruzlarının çəkisi 7 kiloqrama qədər olur.


.