Şaxtalı havada Lənkəran Regional Qaz İstismarı İdarəsi artıq iki gündür gecələr sakinləri qazsız qoyur. Rayonda gecə saatlarında qaz təchizatının heç bir xəbərdarlıq edilmədən kəsilməsi abonentləri soyuqda qoymaqla yanaşı, qazın qəfildən verilməsi mənzillərdə bədbəxt hadisələrin baş vermə ehtimalını da artırır. Sakinlərin üzləşdiyi vəziyyətin nə qədər təhlükəli olduğunu təsəvvür etmək çətin deyil. Televiziyamıza pənah gətirmiş şəhər sakinlərinin bir neçəsini şikayətini gəlin birlikdə dinləyək.

Şəhər sakini Aydın Ağayev: "Gecə saat üç, qazlar kəsildi. Nə xəbərdarlıq ediblər, nə də bir şey. Bizdə yatmışıq. Sonradan da səhər onu götürüb açıblar.”

Şəhər sakini Füzuli Qulamov: "Az qala evə dolsun. Yaxşı ki, evdəkilər xəbərdar olublar.”

Şəhər sakini Ruslan Bayramov: "İki gecədi belə baş verir. Yəni artıq o hala gətirib çıxardıb ki, uşaqlara soyuq dəyib.”

Şəhər sakini Maisə Əliyeva: "Necə yəni biz evin içində palto ilə oturaq.”

Şəhər sakini İbrahim Cabbarov: "Xəbərdarlıqsız qazın kəsilməsi ailə üçün, qonşular üçün, əhali üçün təhlükəli hal yaradır.”

Son iki gündə xüsusilə gecə saatlarında şəhər mərkəzində və ona yaxın kəndlərdə heç bir xəbərdarlıq olunmadan təbii qazın kəsilməsi vətəndaşların həyatını kabusa döndərib. Səhər yuxudan qazın iyinə ayılan, evə dolmuş qazdan boğulmaq təhlükəsi ilə üzləşən insanlar təşviş içində qalıblar. Ən dəhşətlisi isə budur ki, fərdi evlərə gedən qaz xəttlərinə avtomat atıcılar, yəni reduktorlar quraşdırılsada yaşayış binaları üçün bu ehtiyat tədbirlərindən görülməyib.

Şəhər sakini Füzuli Qulamov: "Boş sayğacdır. Sayğacdan birbaşa sobaya gələn qazdır orada da avtomat atıcılar yoxdur.”

Şəhər sakini Samir İbadov: "Fərdi evlərdə sayğaclara avtomatlar qoyulub ki, qaz sönüb-yananda qazın dövriyyəsin avtomatik olaraq işə salmaq üçün onu yandırlamalıdır ki, işləsin. Amma bizim binada məsələn böyük bir problem ondan ibarətdir ki, məsələn qaz sönüb-yananda xəbərimiz olmadan evə ötürülür. Biz də səhər durub görürük ki, evə qaz dolub.”

İstehlakçıların haqlı narazılığının səbəbini öyrənmək üçün Lənkəran Regional Qaz İstismarı İdarəsində olduq. İdarə rəisi ilə görüşmək istəyimiz baş tutmasada o telefonda bizə rayonda ötən gecə baş verənlərdən xəbərsiz olduğunu bildirdi.

Lənkəran Regional Qaz İstismarı İdarəsinin rəisi Rafael Novruzov: "Siz zəng vurun "Azəriqaz”a İbrahim müəllimə.”

İdarə rəisinin dediyi kimi də etdik. "Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayevlə telefon əlaqəsi saxladıq. Birliyin rəsmisi Rafael Novruzovun dediklərini təsdiqlədi.

"Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbəlayev: "Mərkəzin dispetçer xidməti var və mən nəzərinizə çatdırıram ki, hər hansı bir rayon, Regional Qaz İstismar İdarələri öz başına qaz təchizatın dayandırmır və təbii qazın verilişini bərpa etmir. Mərkəzin dispetçer xidməti tərəfindən həyata keçirilir. Belə bir hal tərəfimizdən müşahidə olunmayıb.”

İbrahim Kərbəlayev həmçinin soyuq qış günlərində əhalini mavi yanacaqsız qoyan birliyin əməkdaşlarını deyil, təbii qazdan istifadə edən abonentləri məsuliyyətli olmağa çağırdı.

"Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbəlayev: "Mən sizin nəzərinizə çatdırıram ki, qaz təchizatı dayandırılmayıb. Hər hansı bir səbəbdən ola bilər. Ümumiyyətlə mənzildə qaz cihazını yanılı qoyub yatmaq və ya tərk etmək qadağandır.” 

Düzdür İbrahim müəllim, istehlakçıların təhlükəsizlik qaydalarına tam əməl etməsi vacibdir. Yəni abonentlərin səhlənkarlığı və məsuliyyətsizliyi üzündən baş verən xoşagəlməz hadisələr içərisində ölüm faktlarına çox rast gəlmişik. Ancaq ötən gecə Lənkəranda qaz təchizatının qəfildən dayandırlması və sonradan xətlərə verilməsi sakinlərdə əlaqədar qurumun üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gəlməməsi təsəvvürünü yaratdı.


.