“Uber” və “Bolt” taksi şirkətlərinin daha 11 sürücüsü sərnişinlərlə qeyri-etik formada davrandıqları və narkokuryerlik etdikləri üçün saxlanılıb.

Bu barədə  Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, paytaxt ərazisində “Uber” və “Bolt” taksi şirkətlərinin bəzi sürücülərinin əsasən xanım sərnişinlərlə qeyri-etik formada davranmaları, əxlaqsız təkliflər etmələri və taksi görüntüsü yaradaraq narkokuryerlik etmələri barədə daxil olan əməliyyat məlumatları əsasında polis əməkdaşları tərəfindən növbəti təxirəsalınmaz tədbirlər keçirilib.

Son bir neçə gündə həyata keçirilən tədbirlər nəticəsində qeyd olunan qanunazidd əməlləri törədən həmin şirkətlərin daha 11 sürücüsü müəyyən edilərək saxlanılıb. Əməliyyatlar zamanı saxlanılan taksi sürücülərindən bir qisminin cinayət məsuliyyətinə, digərlərinin isə inzibati məsuliyyətə cəlb olunmaları təmin edilib. Bu istiqamətdə polis əməkdaşları tərəfindən intensiv tədbirlər davam etdirilir.

Qeyd edək ki, vətəndaşlar taksi xidmətlərindən istifadə edən zaman qarşılaşdıqları bu kimi neqativ hallarla bağlı dərhal ərazi polis orqanlarına, “102" Xidməti-Zəng Mərkəzinə və ya DİN-in sosial şəbəkələrdəki rəsmi səhifələrinə müraciət edə bilərlər.

.