Bu gün Bakının “Təzəpir” məscidində Qurban bayramı münasibətilə bayram namazı qılınıb.

“Təzəpir” məscidində bayram namazı Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadənin rəhbərliyi ilə qılınıb.

Bayram namazındaİranın Ali Rəhbəri Seyid Əli Xameneinin Azərbaycandakı nümayəndəsi höccətülislam Seyid Əliəkbər Ocaqnejad və İran səfiri Seyid Abbas Musəvi də iştirak ediblər.

Xatırladaq ki, iyulun 20-si və 21-də Azərbaycanda Qurban bayramı qeyd olunur.

QMİ sədri: “Ağdama baxanda adamın ürəyi ağrıyır”

“İnanıram ki, işğaldan azad edilmiş ərazilərdəki məscidlərimiz, məbədlərimiz, ziyarətgahlarımız bərpa olunacaq”.

Bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə “Təzəpir” məscidində bayram namazından sonra jurnalistlərə açıqlamasında deyib.

QMİ sədri qeyd edib ki, Ağdama və Şuşaya səfər etdiyi üçün çox sevinclidir: “Ağdama baxanda adamın ürəyi ağrıyır. Oraları o cür dağıdılmış halda görmək insana təsir edir. Prezident həzrətləri bütün çıxışlarında buyurur ki, biz o yerləri bərpa edəcəyik. İnanırıq ki, biz o yerləri bərpa edəcəyik. Tezliklə biz dədə-baba torpaqlarımıza qayıdacağıq”.

O, bir müddət əvvəl dini konfesiyyaların rəhbərlərinin Ağdam və Şuşaya səfərlərinin baş tutduğunu da xatırladıb.

QMİ sədri: “Bu il biz həm Qurban bayramını, həm də Qələbəmizi qeyd edirik”

“Bu il biz iki bayramı - həm Qurban bayramını, həm də Qələbəmizi qeyd edirik. Şükür olsun Tanrıya ki, bu günü bizə qismət etdi”.

Bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə “Təzəpir” məscidində bayram namazında çıxışı zamanı deyib.

QMİ sədri işğal olunmuş torpaqların azad olunmasında göstərdiyi sərkərdəliyə görə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə təşəkkür edib.

“Şuşaya gedəndə yolda fikirləşirdim ki, biz nələri itirmişik. Bütün Ağdam torpağı yerlə-yeksan edilib. Məscidlərin, minarələrin içinə elə sözlər yazıblar ki... Biz bu gün o ərazilərə gedə bilirik. Bu gün bizim borcumuz ondan ibarətdir ki, Qarabağ şəhidlərinə Allahdan rəhmət diləyək. Qazilərimizə də şəfa diləyirik”, - deyə A. Paşazadə vurğulayıb.

“Bizim ən böyük arzumuz Allah-Təalanın qələbəni bizə nəsib etməsi idi. Əgər Allah-Təala bir xalqı istəyirsə, ona yaxşı, xalqı doğru yola yönəldən, qələbəyə aparan rəhbər göndərir”.

Bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə “Təzəpir” məscidində bayram namazından sonra jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin başçılığı ilə erməni işğalındakı torpaqlarımız azad edilib.

“Bu gün biz öz torpaqlarımızı düşmən tapdağından azad etdik. Bununla həm mənəviyyatımızı, həm də xalqımızı dirçəltdik”, - deyə A. Paşazadə qeyd edib.

O, dünyada sülhün bərqərar olması üçün dua etdiklərini də vurğulayıb.


 

.