“Tasnim” agentliyi ABŞ prezidenti Donald Trampın dəniz blokadasının aradan qaldırılması ilə bağlı açıqlamalarına ehtiyatla yanaşılmalı olduğunu yazıb.
“Tasnim” razılaşmanın imzalanması və İranın dəniz blokadasının götürülməsi ilə bağlı yayılan ehtimallara dair xəbərində bildirib ki, bu vaxta qədər İran və ABŞ arasında yekun razılaşma əldə olunmayıb.
Agentlik onu da qeyd edib ki, Trampın paylaşımı onun adətən bir tərəfli və özünü tərifləyici mövqe sərgiləməsi ilə eyni xətdə qiymətləndirilməlidir.
Məqalədə qeyd olunub ki, əgər bu, doğrudan da praktikada həyata keçirilərsə, o zaman yalnız atəşkəsin pozulması hallarından birinin dayandırılması anlamına gələcək. Çünki blokada ümumiyyətlə yaradılmamalı idi.
Mənbə həmçinin Tramp və ABŞ mediasının nüvə məsələsi ilə bağlı iddialarını əsassız adlandırıb. Bildirilib ki, bu mərhələdə nüvə proqramının detalları müzakirə olunmur.
ABŞ prezidentinin İranın dondurulmuş aktivlərinin ödənilməməsi ilə bağlı israrı isə Tehran tərəfinin Vaşinqtonun ciddi niyyətinə dair şübhələrini daha da gücləndirir.
İran dəfələrlə bəyan edib ki, hər hansı ilkin anlaşmadan əvvəl dondurulmuş aktivlərin statusu müəyyən edilməlidir.
.
