Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu Azərbaycan və Rusiya xarici işlər nazirlərinin müavinlərinin Moskvada baş tutan görüşündən, son günlər özü ilə bağlı şəbəkələrdə yayılan məlumatlardan və parlament seçkilərində namizədliyini irəli sürməsi ilə bağlı suallarımızı cavablandırıb.
Yenizaman həmin müsahibəni təqdim edir:
- Bildiyiniz kimi, Moskvada Azərbaycan və Rusiya Xarici İşlər nazirlikləri arasında iki ölkənin Xarici İşlər Nazirlərinin müavinlərinin iştirakı ilə siyasi məsləhətləşmələrin növbəti mərhələsi keçirilib.
Qeyd etdiyiniz kimi, önəmli görüşlər keçirildi. Azərbaycan tərəfdən nümayəndə heyətinə xarici işlər nazirinin müavini Samir Şərifov, Rusiya tərəfindən isə xarici işlər nazirinin müavini Mixail Qaluzin rəhbərlik edib.
Görüşdə iki ölkə liderləri arasında qarşılıqlı etimada əsaslanan və ikitərəfli gündəmi formalaşdıran yüksək səviyyəli siyasi dialoqun hər iki dövlət arasında müttəfiqlik əməkdaşlığının əsasını təşkil etdiyi bildirilib.
İki ölkə arasında siyasi məsləhətləşmələr zamanı iqtisadi, ticarət, mədəni-humanitar, beynəlxalq və regional təşkilatlar çərçivəsində əməkdaşlıq və digər məsələlər müzakirə olunub, ikitərəfli layihələrə baxılıb.
Elə həmin gün nazir müavini Samir Şərifovun Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko ilə görüşü də olub. Görüşdə tərəflər beynəlxalq və regional təhlükəsizlik məsələləri, eləcə də hər iki ölkənin iştirak etdiyi Regional formatlar çərçivəsində əməkdaşlıq barədə fikir mübadiləsi aparıblar.
Eyni zamanda, S. Şərifovun Rusiya Federasiyası Prezidentinin xüsusi nümayəndəsi, Xəzər dənizi üzrə danışıqlarda Rusiya nümayəndə heyətinin rəhbəri Mixail Petrakov ilə görüşündə Xəzər məsələləri üzrə əməkdaşlığın mövcud vəziyyəti və dinamikası müzakirə olunub. Qeyd etmək istərdim ki, görüşlər dostluq münasibətlərinə və Azərbaycan-Rusiya müttəfiqlik əməkdaşlığının ruhuna uyğun etimad mühitində keçirilib.
- Son zamanlar sosial şəbəkələrdə müxtəlif saxta məlumatlar yayılır. Bu dezinformasiyaların qurbanları isə əsasən tanınmış şəxsiyyətlər olur. Təəssüf ki, bu mənfi tendensiya sizdən də yan keçməyib. Bu xəbərlərdə guya sağlamlığınızla bağlı problemlərin olduğu qeyd edilirdi. İndi Allaha şükür ki, yaxşısınız, bunları necə şərh edərdiniz?
Təəssüf ki, məhz bu cür hadisələr baş verir və şəxsən mən bu məlumatların hansı səbəbdən yayıldığını anlaya bilmirəm. Təbii ki, hər kəs kimi mənim də bəzi xəstəliklərim ola bilər, amma yayılan məlumatlar və iddialar tamamilə əsassızdır. Bunu edənlər məşhur insanların hesabına məşhurlaşmağı və ya pul qazanmağı qarşılarına məqsəd qoyublar. Guya hansısa klinikada işləyən həkim deyir ki, infarkt keçirmişəm. Amma mən bu xislətdə olan insanların hamısını məyus edərək deyirəm ki - heç vaxt infarkt keçirməmişəm, heç vaxt təzyiqdən əziyyət çəkməmişəm. Bir sözlə, haqqımda yazılanların hamısı yalandır.
Əslində bu cür hadisələrin baş verməsi çox təhlükəli tendensiyadır. Çünki söhbət insanların sağlamlığından gedir. Bu yaxınlarda isə səsimi saxtalaşdırmışdılar. Bir sözlə fırıldaqçılar dayanmaq bilmirlər.
- Azərbaycada yaxın aylarda növbədənkənar parlament seçkiləri keçiriləcək. Bildiyimiz qədəri ilə siz də bu il Şuşa şəhərindən namizədliyinizi irəli sürəcəksiniz. SSRİ Xalq Artisti Bülbülün (Murtuza Məşədi Rza oğlu Məmmədov) doğulub yaşadığı və sizin də həyatınızın böyük bir hissəsinin keçdiyi Şuşadan namizəd olmaq necə bir hissdir? Ümumiyyətlə özünüzü bu posta layiq görürsünüzmü?
Maraqlı sualdır. Düzünü desəm praktik olaraq düşüncələrimi oxudunuz. Parlament seçkilərinin keçirilməsi hər bir dövlətin və xalqın həyatında çox ciddi və məsuliyyətli hadisədir. Əlbəttə, ruhum hər zaman Şuşadadır. Mən artıq üç dəfə "Xarı Bülbül" festivalında iştirak edirəm. Festival zamanı cənab prezident İlham Əliyevə, Mehriban xanım Əliyevaya, Heydər Əliyev Fonduna, Mədəniyyət Nazirliyinə festivalın öz ənənəsini qoruyaraq müntəzəm olaraq belə bir böyüklükdə keçirilməsinə görə təşəkkür etmişəm. Əlbəttə ki, Şuşanın bu gün doğma Azərbaycana qaytarılması Ali Baş Komandan başda olmaqla Müzəffər ordumuzun əməyi sayəsindədir.
Əgər Şuşa sakinləri məni parlamentdə öz nümayəndələri kimi seçsələr, onların etimadını doğrultmaq üçün əlimdən gələni edəcəyəm. Şuşadan deputat olmaq mənim üçün böyük şərəfdir.
30 il ərzində bizim bir xəyalımız var idi - mədəniyyətimizin beşiyi olan Şuşanı geri qaytaraq. İndi biz buna nail olduq. Bu gün isə bizim əsas vəzifəmiz Qarabağın inkişafı və çiçəklənməsi üçün hər şeyi etməkdir.
Mənbə: Novoye-vremya.com
.