Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov ABŞ nümayəndələri ilə görüş keçirmək üçün Mayami şəhərinə gedib.

Bu barədə "Reuters" mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, Rusiyanın Ukraynaya qarşı müharibəsinin dayandırılması ilə bağlı sülh danışıqları son aylarda dalana dirənib.

Bildirilib ki, Ukrayna tərəfi ABŞ prezidentinin xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerin bu ilin yazında Ukraynaya səfər edəcəyinə ümid edirdi. Lakin həmin səfər baş tutmayıb.

“Reuters” yazır ki, Vaşinqtonun diqqəti əsasən İran ətrafındakı müharibə fonunda Ukraynadan uzaqlaşıb.

Eyni zamanda, Ukrayna Prezidentinin müşaviri Dmitriy Litvin jurnalistlərə bildirib ki, Rustem Umerov artıq səfərlə bağlı məlumatı Ukrayna prezidentinə çatdırıb və yaxın vaxtlarda bununla bağlı əlavə informasiya veriləcək.

.