“Bu şəhərdə” yumor komandası ilə “Instagram”da canlı yayımda söhbət edən müğənni Afət Fərmanıqızı üç gün əvvəl Sumqayıtda “Range Rover” markalı avtomobilinin soyulması barədə məlumat verib.

Məsələ ilə bağlı Oxu.Az-ın əməkdaşı A.Fərmanqızı ilə əlaqə saxlayıb.

Sənətçi başına gələn xoşagəlməz hadisəni belə nəql edib:

“Tədbirə qatılmaq üçün Sumqayıta getdim. Avtomobildə bir rəfiqəmlə birlikdə idim. Məkana çatdıq, avtomobildən düşdük. Çantalarımızı maşında qoymaq fikrinə düşdük. Düşünürəm ki, çantaları avtomobilə qoyanda, kənardan kimsə bunu görüb və məni soymaq qərarına gəlib. “Range Rover”də də elə bir funksiya var ki, qapılar maqnit vasitəsilə örtülür və avtomatik bağlanılır.

40 dəqiqədən sonra tədbir bitdi və avtomobilimə doğru addımladım. Qapını açmaq istəyəndə, hiss etdim ki, dəstəyində problem var. Naməlum şəxs qapının dəstəyini o qədər dartıb ki, sınıb. Mənə 1 000 manat ziyan dəydi. Hadisə ilə bağlı polisə dərhal müraciət etdim. Hələ ki, araşdırma gedir. İnanıram ki, polislər məni soymağa çalışan o şəxsi axtarıb, tapacaqlar”.

A.Fərmanqızı bir ay əvvəl imkansız ailələr yardım etdiyi bir vaxtda idarə etdiyi nəqliyyat vasitəsinin ön şüşəsinə dəmir parçası atılaraq, sındırıldığını bildirib:

“Yardım etdiyim bir vaxtda avtomobili çoxmərtəbəli binanın yanında saxlamışdım. Geri qayıdanda ön şüşənin sındırıldığının şahidi oldum. Daha sonra öyrəndim ki, binada yaşayan uşaq dəmir parçasını avtomobilimin üstünə atıb.

Pandemiya başlayandan bu günə kimi mənə ancaq ziyan dəyir. Yaxşılıq etmək mənə düşmür. Edirəm, başıma belə hadisələr gəlir”.

 

.